Regionda real yumşalma və əməkdaşlıq addımları atıldığı halda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu prosesə konstruktiv töhfə vermək əvəzinə, ikili standartlı yanaşma nümayiş etdirir. Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi" Zirvəsinin 8-ci toplantısında videobağlantı ilə çıxışı zamanı Ermənistan-Azərbaycan sülh prosesinin faktiki nəticələri ilə bəzi Avropa təsisatlarının siyasi ritorikası arasındakı ziddiyyəti açıq şəkildə gündəmə gətirdi.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, sülhün artıq bəyanatlar yox, praktika mərhələsində olduğu heç kimə sirr deyil.
"Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi qarşılıqlı etimad mühitinin formalaşdığını da açıq şəkildə göstərir. Bunun fonunda tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük daşınması və hətta neft məhsullarının ixracına başlanması iqtisadi inteqrasiyanın ilkin əlamətləridir. Bu faktlar sülhün "sərhəd xəttində sükut"dan daha artıq məna daşıdığını göstərir.
Avropa Komissiyasının sülh prosesinə münasibəti müsbət qiymətləndirildiyi halda, Avropa Parlamenti və AŞPA-nın yanaşması ciddi sual doğurur. Azərbaycanın ərazi bütövlüyünün bərpası BMT qətnamələrinin icrası kimi təqdim olunsa da, Avropa parlament platformalarında bu fakt siyasi kontekstdə fərqli çərçivəyə salınıb və nəticədə sülh gündəliyinə dəstək əvəzinə, təzyiq alətinə çevrilib".
Deputat qeyd edib ki, beş il ərzində Azərbaycanla bağlı qəbul edilən çoxsaylı qətnamələrin məhz Zirvə ərəfəsində yenilənməsi Bakıda bunun siyasi mesaj kimi qəbul edilməsinə səbəb olub. Bu cür addımlar dialoq mühitini möhkəmləndirmək əvəzinə, qarşılıqlı etimadı zəiflədir və regionda yeni formalaşan əməkdaşlıq mühitinə xələl gətirir. Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərarı da məhz bu ikili standartın nəticəsində baş verdi. Tərəfdaşlıq qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır.
"Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranır və bu reallıq praktik əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılması ilə müşayiət olunur. Lakin bəzi Avropa parlament təsisatlarının yanaşması hələ də münaqişə dövrünün siyasi leksikonundan çıxmayıb. Bu ziddiyyət sülh prosesinin beynəlxalq platformalarda obyektiv dəyərləndirilməsinə mane olur və ikili standart görüntüsü yaradır".
Deputat onu da vurğulayıb ki, prosesə mane olmaq istəyən yanaşmalar mövcud olsa da, Azərbaycan sülh gündəliyinə sadiq qalır. 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvəsinin Azərbaycanda keçirilməsi isə regionda formalaşan sülhün siyasi simvoluna çevrilə bilər.
Milli.Az