Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir

5 May 2026 17:46

Birinci dərəcəli görmə məhdudiyyətli vətəndaş Zümrüd Hüseynova mənzil təminatı ilə bağlı üzləşdiyi çətinliklərdən narazılıq edir.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, səhhətində yaranan ciddi problem həkim səhlənkarlığı nəticəsində baş verib və bu səbəbdən demək olar ki, görmə qabiliyyətini itirib.

Şikayətçi bildirib ki, o, hələ 2010-cu ildən Nəsimi rayonu üzrə mənzil növbəsinə daxil edilib və bu barədə rəsmi sənədi mövcuddur. Lakin artıq 17 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də mənzillə təmin olunmayıb.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xeyrinə qərar çıxarılsa da, proses praktiki olaraq irəliləmir. Daha sonra sənədlərinin Sosial Xidmətlər Agentliyinə ötürüldüyünü deyən Hüseynova qeyd edib ki, ona bir otaqlı mənzil ayrılması nəzərdə tutulsa da, hazırda belə mənzillərin mövcud olmadığı bildirilib.

Məsələ ilə bağlı qurumdan bildirilib ki, indiyədək çoxsaylı mənzillər əlilliyi olan şəxslərə təqdim edilib və vətəndaşın müraciəti də qanunvericiliyə uyğun olaraq növbə əsasında qiymətləndirilir. Bildirilir ki, hazırda balansda uyğun mənzil olmadığından təminat gecikir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən də araşdırma aparıldığı açıqlanıb. 

Asya
Milli.Az