Hökməli bələdiyyəsinin sədri danışdı: "Həmin şəxs tutduğu vəzifədən azad edilib"

5 May 2026 11:50

Abşeron rayonunun yüksək təpəlik ərazilərində ucuz qiymətə torpaq sahələri satışa çıxarılır. AzTV-nin çəkilişləri zamanı bu ərazilərdə sürətli tikinti aparıldığı üzə çıxıb.

Milli.Az xəbər verir ki, satışa çıxarılan torpaqların əksəriyyətinin rəsmi sənədləri yoxdur.

Bildirilir ki, həmin ərazilərdə qaz və su təminatı mövcud deyil, tikilən evlərin böyük hissəsinə isə çıxarış verilməyib. Sakinlərə əsasən yalnız bələdiyyə sənədi təqdim olunur.

Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs vətəndaşları həmin ərazilərə apararaq torpaq və fərdi yaşayış evlərinin satışını həyata keçirir.

Məsələ ilə bağlı Hökməli bələdiyyəsinin sədri Ramil Orucov açıqlama verib.

Onun sözlərinə görə, 2025-ci ildə Hökməli bələdiyyəsinə yenidən sədr seçilib və 2020-ci ildən bu vəzifəni icra edir. Bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə özünü sədr kimi təqdim edən Mehdi Məmmədov artıq bələdiyyədə çalışmır:

"Son günlər sosial şəbəkələrdə bələdiyyənin keçmiş əməkdaşının özünü sədr kimi təqdim edərək torpaqların qanunsuz satışı ilə məşğul olduğuna dair görüntülər yayılıb. Məsələ dərhal araşdırılıb və bələdiyyə üzvlərinin qərarı ilə həmin şəxs tutduğu vəzifədən azad edilib".

Sədr əlavə edib ki, kadrlarda göstərilən ərazi Hökməli bələdiyyəsinin inzibati ərazisinə aid deyil.

R. Orucov vətəndaşlara müraciət edərək vurğulayıb ki, bələdiyyə torpaqları ilə bağlı qərarlar yalnız kollegial qaydada qəbul olunur:

"Hökməli bələdiyyəsi ilə bağlı hansısa məlumatı dəqiqləşdirmək üçün birbaşa bələdiyyəyə müraciət etməyiniz xahiş olunur".

Mina Mikayılova
Milli.Az