Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
İran iqtisadiyyatı elə bir həddə gəlib çatıb ki, artıq fəlakətin miqyasını təkcə xarici siyasətlə izah etmək mümkün deyil. Sanksiyalar, müharibə, infrastruktura endirilən zərbələr, beynəlxalq təcrid, bütün bunlar, şübhəsiz, ölkəyə ağır zərbə vurub. Amma İslam Respublikasının əsas problemi daha dərindədir. Məsələ yalnız kənardan təzyiqdə deyil, onilliklər boyu resursları yeyib bitirən, təşəbbüs və motivasiyanı öldürən, səmərəsizliyi subsidiyalaşdıran, korrupsiyanı ideologiya pərdəsi ilə örtən və dövləti daimi artıq xərc mexanizminə çevirən sistemin öz mahiyyətindədir.
Tehran üçün ən əlverişli ssenarini təsəvvür etsək belə, ABŞ-la müharibənin sürətlə dayanması, İsraillə gərginliyin azalması, sanksiyaların qismən, hətta geniş şəkildə götürülməsi, xaricdəki aktivlərin bir hissəsinin açılması İranı dayanıqlı artım relsinə qaytarmayacaq. Çünki müharibə onsuz da xəstə olan orqanizmə zərbə vurdu. Ölkə ərazisindəki obyektlərə hücumlardan əvvəl də İran su, qaz, elektrik enerjisi, valyuta, investisiya, etimad və idarəetmə bacarığı qıtlığı içində yaşayırdı.
ABŞ-İsrail kampaniyasının vurduğu ziyanın ilkin qiymətləndirməsi 270 milyard dollara çatır. Bu məbləğ İranın 2024-2025 maliyyə ilində təxminən 50 milyard dollar qiymətləndirilən dövlət büdcəsi gəlirlərindən beş dəfə çoxdur. Həm də bu rəqəm Dünya Bankının son əlçatan məlumatlarına görə təxminən 475 milyard dollar olan müharibəöncəsi ÜDM-lə müqayisə edilə biləcək səviyyədədir.
Amma Tehran üçün ən qorxulu məsələ təkcə dağıntılar deyil. Ən qorxulusu odur ki, bərpa prosesi məhz İranda çatışmayan resursları tələb edəcək: kapitalı, texnologiyanı, etimadı, effektiv idarəetməni və siyasi proqnozlaşdırıla bilənliyi.
Artıq hər şeyin çatışmadığı ölkə
İran böhranı müharibə ilə başlamadı. Müharibə sadəcə çoxdan qaynayan qazanın qapağını qopartdı.
İnfrastruktura zərbələrdən əvvəl də ölkə baza resurslarının sistemli böhranı ilə üz-üzə idi. Su, elektrik, qaz, benzin, normal iqtisadiyyatın bünövrəsi sayılmalı olan hər şey xroniki problemə çevrilmişdi.
2025-ci ilin noyabrında prezident Məsud Pezeşkian faktiki olaraq su böhranının milli təhlükə həddinə çatdığını etiraf etdi. O bildirdi ki, vəziyyət daha da pisləşərsə, Tehranın evakuasiyası gündəmə gələ bilər. Onilliklər boyu mühəndislik layihələri, bəndlər və təbii resursların idarə olunmasına dövlətin genişmiqyaslı müdaxiləsi ilə öyünən bir ölkə üçün bu, hökm kimi səslənirdi.
İran çox uzun müddət elə davrandı ki, guya suyu şüarlarla, iqlim risklərini isə inzibati qərarlarla əvəz etmək mümkündür. İstehlakın illərlə artması, səmərəsiz kənd təsərrüfatı, bərbad suvarma sistemi və siyasi motivlərlə tikilən bəndlər növbəti quraqlığı mövsümi problem olmaqdan çıxarıb sistem böhranına çevirdi.
Eyni vaxtda ölkə enerji qeyri-sabitliyinin içinə yuvarlandı. Böyük şəhərlərin sakinləri tez-tez saatlarla davam edən elektrik kəsintiləri ilə üzləşirdi, çox vaxt da əvvəlcədən heç bir xəbərdarlıq edilmədən. Parlamentin enerji komitəsinin nümayəndəsi Əhməd Moradi enerji sistemində güc çatışmazlığını 20 min meqavat qiymətləndirirdi. Səbəblər açıq deyilirdi: generasiya çatışmazlığı, elektrik stansiyalarındakı problemlər, ötürücü xətlərin köhnəlməsi.
Bu, artıq müvəqqəti nasazlıq deyil. Bu, infrastrukturun deqradasiyasıdır.
İnsanlar elektrik kəsiləndə liftlərdə qalıb çıxılmaz vəziyyətə düşməsin deyə yaşayış binalarına kütləvi şəkildə generatorlar quraşdırılmağa başlayırsa, bu o deməkdir ki, dövlət enerji sistemi öz baza funksiyasını yerinə yetirmir.
Qazı çatmayan qaz dövləti
İranın ən ağrılı paradoksu ondadır ki, nəhəng təbii qaz ehtiyatlarına malik ölkə öz iqtisadiyyatını sabit qaz təchizatı ilə təmin edə bilmir.
Statistical Review of World Energy 2025-in məlumatına görə, təbii qaz İranın enerji balansında təxminən 69 faiz pay tutur. Bu, dünyada ən yüksək göstəricilərdən biridir. Asılılıq səviyyəsi yalnız Türkmənistan və Özbəkistanda daha yüksəkdir. Müqayisə üçün, Rusiyada da qazın enerji balansındakı payı böyükdür, amma daha aşağıdır, təxminən 54 faiz.
Belə struktur İranı son dərəcə həssas edir. Qaz elektrik energetikası, sənaye, istilik təchizatı və kommunal sektor üçün lazımdır. Amma qışda tələbat kəskin artır, ölkədə isə pik yüklənməni kompensasiya edə biləcək yetərli mövsümi qaz anbarı infrastrukturu yoxdur.
Nəticədə İran hər qış eyni ssenari ilə üzləşir: qaz qıtlığı, sənaye müəssisələrinin bir hissəsinin dayanması, təchizatda fasilələr, fəhlələrin maaşlarının azalması, sosial gərginliyin artması.
Bu təsadüf deyil. Bu, enerji daşıyıcılarının daxili qiymətlərinin illərlə süni şəkildə aşağı saxlanılmasının bədəlidir. Ucuz qaz həddindən artıq istehlakı stimullaşdırdı, amma sektorun modernləşməsi üçün pul yaratmadı. Şirkətlər hesabları ödəmədi, infrastruktur köhnəldi, investisiyalar təxirə salındı, dövlət isə gələcəyin hesabına sosial sakitliyi almaqda davam etdi.
Yaşayış binalarında qazın kəsilməsi təhlükəsi yarananda Pezeşkianın insanlara daha isti geyinməyi tövsiyə etməsi idarəetmə acizliyinin rəmzinə çevrildi. Nəhəng qaz ehtiyatlarına malik ölkənin prezidenti faktiki olaraq əhaliyə sviterlə xilas olmağı təklif etdi.
Modernləşmə əvəzinə mazut: enerji böhranı havanı necə zəhərləyir
Elektrik stansiyaları kifayət qədər təbii qaz almayanda ağır mazuta keçir. Bu qərar elektrik istehsalını müvəqqəti ayaqda saxlaya bilər, amma şəhərlərə, insanların sağlamlığına və həyat keyfiyyətinə ağır zərbə vurur.
İran meqapolisləri artıq bunun ağır bədəlini ödəyir. Qış aylarında havanın çirklənməsi elə səviyyəyə çatırdı ki, məktəbləri həftələrlə bağlamaq lazım gəlirdi. Bəzi hallarda məcburi fasilələr 50 gündən çox davam edirdi.
Bu, qapalı dairəyə bənzəyir. Dövlət etirazların qarşısını almaq üçün enerji daşıyıcılarını ucuz saxlayır. Ucuz enerji həddindən artıq istehlaka yol açır. Həddindən artıq istehlak sistemin balansını dağıdır. Sistem modernləşmə üçün pul yığa bilmir. Qıtlıq anında mazut yandırmaq məcburiyyəti yaranır. Mazut havanı çirkləndirir. Çirklənmə şəhərləri, məktəbləri və iqtisadi aktivliyi iflic edir.
Bütün bunlar regional güc statusuna iddia edən bir ölkədə baş verir.
Benzin tələsi: ucuz yanacaq niyə baha fəlakətə çevrildi
İranın problemləri qaz və elektriklə məhdudlaşmır. Neft ölkəsində belə benzin ağır büdcə probleminə çevrilib.
İran hər il benzin idxalına təxminən 6 milyard dollar xərcləyir. Bunun iki səbəbi var: daxildə həddindən artıq istehlak və qaçaqmalçılıq. Bununla belə, hakimiyyət 2019-cu ilin etirazlarının təkrarlanmasından qorxaraq ölkə daxilində yanacaq qiymətlərini son dərəcə aşağı səviyyədə saxlamaqda davam edir. O zaman benzinin bahalaşması kütləvi narazılığın tətik mexanizminə çevrilmişdi.
Siyasi baxımdan bunu anlamaq mümkündür. İqtisadi baxımdan isə dağıdıcıdır.
Ucuz benzin cəmiyyəti gizli şəkildə satın almağın bir formasına çevrilir. Dövlət qısamüddətli sabitliyi alır, amma bunun əvəzini büdcənin aşınması, defisitin artması, energetika, su təchizatı, nəqliyyat və sənaye üçün resursların itirilməsi ilə ödəyir.
Prezident qiymətləri artırmağı təklif edirdi, amma hətta müzakirə olunan səviyyə belə qonşu ölkələrdəki qiymətlərin 5 faizindən az idi. Belə fərq olduqda qaçaqmalçılıq artıq sistemdən sapma deyil, az qala iqtisadiyyatın içərisinə yerləşmiş elementə çevrilir. Əgər ölkə daxilində mal xaricdəkindən dəfələrlə ucuzdursa, o, istər-istəməz kölgə kanalları ilə axıb gedəcək.
İran Hərbi Dəniz Qüvvələri və SEPAH qanunsuz benzin daşıyan gəmiləri mütəmadi saxlayır. Amma ayrı-ayrı gəmilərin ələ keçirilməsi əsas məsələni dəyişmir: qaçaqmalçılığa stimul yaradan elə qiymət sisteminin özüdür.
ÜDM azalır: müharibə sadəcə artıq başlamış prosesi sürətləndirdi
Son vaxtlara qədər İran hələ də mülayim iqtisadi artım görüntüsü yarada bilirdi. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2020-2024-cü illərdə ölkənin ÜDM-i orta hesabla ildə 4,4 faiz artıb. Kağız üzərində bu göstərici həmin dövrdə ABŞ və Avropanın nəticələrindən daha yaxşı görünürdü.
Amma bu artım kövrək idi. Onu nə infrastrukturun keyfiyyətcə modernləşməsi, nə institutların möhkəmlənməsi, nə investisiya axını, nə də idarəetmənin səmərəliliyinin yüksəlməsi müşayiət edirdi. Bu, sanksiyalara uyğunlaşma, kölgə ixrac sxemlərinin genişlənməsi, daxili subsidiyalar və köhnə kapitalın tədricən tükənməsi fonunda yaranmış artım idi.
2025-ci ildə BVF-nin qiymətləndirməsinə görə, İranın ÜDM-i 1,5 faiz azalıb. 2026-cı il üçün isə hələ ABŞ-İsrail kampaniyası başlamazdan əvvəl əlavə 6,1 faizlik geriləmə proqnozlaşdırılırdı. Sənaye, nəqliyyat, neft-kimya və metallurgiya infrastrukturuna endirilən zərbələrdən sonra tənəzzül 10 faizi də aşa bilər.
İran hakimiyyəti ABŞ və İsrailin zərbələri nəticəsində dəymiş ziyanı, hərbi obyektlərin dağıntıları nəzərə alınmadan, 270 milyard dollar qiymətləndirir. Sənaye müəssisələri, logistika qovşaqları, körpülər, nəqliyyat sisteminin ayrı-ayrı elementləri zədələnib. Bu isə o deməkdir ki, iqtisadiyyat təkcə cari istehsalı deyil, həm də istehsal zəncirlərini tez bərpa etmək imkanını itirir.
Bəli, tarix müharibələrdən sonra gözləniləndən daha sürətlə dirçələn ölkələrin nümunələrini tanıyır. Amma belə ölkələrin adətən ya güclü institutları, ya xarici kapitala çıxışı, ya beynəlxalq dəstəyi, ya da aydın islahat strategiyası olurdu. İranda bunların heç biri yoxdur.
Bir milyon iş yeri artıq itirilib. Qarşıda vəziyyət daha ağır ola bilər
Son illərdə İran işsizliyi 2010-cu ildəki 14 faizlik pik səviyyədən 2025-ci ildə təxminən 8 faizə qədər endirə bilmişdi. Amma bu rəqəmlərin arxasında demoqrafik amil dayanırdı: 1990-cı illərdə doğum səviyyəsinin kəskin azalması əmək bazarına çıxan gənclərin sayını azaltmışdı.
İndi isə müharibə mənzərəni dəyişir. Hesablamalara görə, döyüş əməliyyatları və dağıntılar səbəbindən azı 1 milyon iş yeri artıq birbaşa itirilib. Hökumət məşğulluğu qorumaq üçün kiçik biznesə qrantlar, iri müəssisələrə isə bank kreditləri verməyi müzakirə edir. Amma bu cür tədbirlər bir neçə aylıq kassa boşluqlarını bağlaya bilər, dağıdılmış tələbi, pozulmuş logistikanı və biznes etimadının çökməsini isə əvəz edə bilməz.
İranlı iqtisadçı Hadi Kahhalzadə xəbərdarlıq edirdi ki, 10-12 milyon iş yeri təhlükə altına düşə bilər. Bu isə ölkənin işçi qüvvəsinin təxminən yarısı deməkdir. Əgər bu ssenari gerçəkləşməyə başlasa, söhbət sadəcə resessiyadan getməyəcək. Bu, milli miqyaslı sosial böhran olacaq.
Əlavə təzyiqi miqrasiya faktoru yaradır. Son bir ildə ən azı 1,5 milyon əfqan İranı tərk edib, lakin ehtimala görə, təxminən 2,5 milyonu hələ də ölkədə qalır və aşağımaaşlı işçi qüvvəsinin mühüm hissəsini təmin edir. Böhran fonunda əfqanların ölkədən çıxarılması tələbləri güclənəcək. Amma bu işçi qüvvəsinin kütləvi şəkildə sıxışdırılması tikinti, kənd təsərrüfatı, xidmət sektoru və iqtisadiyyatın aşağı pillələrinə ciddi zərbə vuracaq.
Daha bir struktur zəifliyi qadınların əmək bazarında son dərəcə aşağı iştirakıdır. Bu göstərici təxminən 10-12 faiz qiymətləndirilir ki, bu da Səudiyyə Ərəbistanı ilə müqayisədə təxminən üç dəfə aşağıdır. İnsan kapitalına ehtiyacı olan iqtisadiyyat üçün bu, nəhəng istifadə olunmamış resursdur. Amma rejimin siyasi və sosial modeli onu artım mənbəyinə çevirməyə imkan vermir.
Neft xilas etməyəcək: qiymət artımı belə yaranmış dəliyi bağlamır
İlk baxışda elə görünə bilər ki, neft qiymətlərinin artması İrana kömək etməlidir. Ölkə Asiya sahilləri yaxınlığındakı üzən anbarlarda saxlanılan ehtiyatlar da daxil olmaqla, sutkada təxminən 1,5 milyon barel neft ixracını davam etdirir. Amma əlavə neft gəlirləri belə yüz milyardlarla dollar zərəri örtmək gücündə deyil.
Sadə arifmetika amansızdır. Dağıntılar 270 milyard dollar qiymətləndirilirsə, neftdən gələcək əlavə bir neçə on milyard dollar strateji mənzərəni dəyişmir. Bu pullar maliyyə kollapsını bir qədər gecikdirə, büdcənin ayrı-ayrı maddələrini dəstəkləyə, idxal ehtiyaclarının bir hissəsini bağlaya bilər. Amma infrastrukturu bərpa etməz, energetikanı yeniləməz və investorların etimadını geri qaytarmaz.
Hörmüz boğazından iqtisadi təzyiq aləti kimi istifadə ideyası da həddindən artıq şişirdilir. Hətta təsəvvür etsək ki, İran boğazdan keçən hər barel neftdən 2 dollar ala bilər, sutkada 12 milyon barel həcmində bu, ildə 9 milyard dollardan az gəlir demək olardı. 270 milyard dollarlıq hərbi ziyanla üzləşmiş iqtisadiyyat üçün bu, xilas dairəsi deyil, mühasibat illüziyasıdır.
Üstəlik, Səudiyyə Ərəbistanı və BƏƏ dəniz yolunu qismən əvəz etməyə imkan verən boru kəməri marşrutlarına malikdir.
Neft gəlirləri lazım olan yerə getmir
İranın daha bir problemi neft sektorunun qeyri-şəffaflığıdır.
Formal olaraq hasilata dövlət, ilk növbədə Milli İran Neft Şirkəti nəzarət edir. Amma ixrac sanksiyalardan yayınmaq üçün yaradılmış vasitəçilər şəbəkəsi üzərindən həyata keçirilir. Bu şəbəkə korrupsiya, vəsaitlərin mənimsənilməsi və gəlirlərin büdcədənkənar bölüşdürülməsi üçün nəhəng imkanlar yaradır.
Neftin bir hissəsi SEPAH və onun müttəfiqləri ilə bağlı strukturlar vasitəsilə keçir. Belə hallarda gəlir dövlət büdcəsinə deyil, birbaşa Korpusun sərəncamına daxil ola bilər. Bu isə o deməkdir ki, neft gəlirləri həmişə ölkə iqtisadiyyatı üçün işləmir. Onlar rejimin siyasi-güc arxitekturasına xidmət edir.
Rəsmi olaraq hakimiyyət bildirir ki, neft gəlirləri vergi gəlirlərindən geri qalır və bu mənbələrin hər biri büdcənin təxminən 40-45 faizini təmin edir, özəlləşdirmə gəlirləri də mühüm rol oynayır. Amma real mənzərə daha mürəkkəbdir, çünki neft pullarının əhəmiyyətli hissəsi qapalı kanallarla hərəkət edir.
İran bu gün həqiqətən də 1980-ci illərlə müqayisədə neftdən daha az asılıdır. 1983-1984-cü illərdə neft ölkə ixracının 98 faizini təşkil edirdi. 2022-2023-cü illərdə İran Gömrük Administrasiyasının məlumatına görə, qeyri-neft ixracı 53 milyard dollara çatıb. Bu, neft gəlirlərindən çoxdur.
Amma burada da bir vacib məqam var. Qeyri-neft ixracına bir neçə milyard dollarlıq kondensat da daxil edilir, halbuki mahiyyət etibarilə bu, neft məhsuludur. Düzəlişdən sonra belə göstərici əhəmiyyətli olaraq qalır və 60 milyard dollarlıq idxalla demək olar müqayisə edilə biləcək səviyyədədir. Lakin dağıntılardan sonra ölkənin bərpası üçün bu kifayət deyil.
Sanksiyaların götürülməsi investorların qayıdışı demək deyil
Tehran illərdir iddia edirdi ki, iqtisadiyyatın bərpası üçün ona sanksiyaların yumşaldılması lazımdır. Bunda həqiqət payı var. Sanksiyalar kapitala, texnologiyalara, bank hesablaşmalarına və bazarlara çıxışı məhdudlaşdırır. Amma bu, problemin yalnız bir hissəsidir.
Hətta Vaşinqton sanksiya rejiminin genişmiqyaslı yumşaldılmasına razılaşsaydı belə, xarici investorlar İrana axışmazdı. Səbəb aydındır: biznes mühiti korrupsiyalaşmış, qeyri-şəffaf, siyasi baxımdan riskli və yüksək komplayens təhlükələri ilə bağlı olaraq qalır.
İnvestor təkcə məhdudiyyətlərin formal şəkildə götürülməsinə baxmır. O, məhkəmələrə, mülkiyyət hüququna, valyuta risklərinə, qazancı ölkədən çıxarmaq imkanına, güc strukturlarının təsirinə, üçüncü tərəf sanksiyaları riskinə, bank sisteminin statusuna və reputasiya təhlükələrinə baxır.
İran məsələsində risklərin siyahısı həddindən artıq uzundur
İran məsələsində risklərin siyahısı həddindən artıq uzundur.
ABŞ təzyiqi və bankların ehtiyatlı davranışı səbəbindən İranın təxminən 100 milyard dollarlıq aktivi hələ də məhdud vəziyyətdə qalır. Hətta bu vəsaitlərin bir hissəsi Hörmüz boğazı və ya nüvə proqramı ilə bağlı hansısa razılaşma çərçivəsində açılarsa belə, onlardan istifadə etmək asan olmayacaq. Maliyyə institutları FATF-in işarə etdiyi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi risklərinə görə İranla işləməkdən yayınır.
Bu isə o deməkdir ki, İran siyasi güzəşt əldə edə bilər, amma normal maliyyə kanalına çıxış qazana bilməz. Pul kağız üzərində mövcud ola bilər, lakin investisiyaya, avadanlığa və bərpa prosesinə çevrilməyə bilər.
İnflyasiya idarəetmə modelinə çıxarılan hökm kimi
İran inflyasiyası təkcə sanksiyaların və müharibənin nəticəsi deyil. Onun kökü pul siyasətində və dövlətin xroniki artıq xərcləməsindədir.
Mərkəzi Bank pul kütləsinin sürətlə artmasına imkan verir. Banklar dövlət layihələrini kreditləşdirir. Hakimiyyət infrastruktur təşəbbüslərini, güc strukturlarının xərclərini, benzin subsidiyalarını və digər siyasi motivli proqramları bank sistemi hesabına maliyyələşdirir.
Başqa sözlə, rejim qazandığından çox xərcləyir, fərqi isə inflyasiya və devalvasiya yolu ilə əhalinin üzərinə yükləyir.
İnflyasiya ildə təxminən 40 faizə çatır. Sərbəst məzənnə milli valyutaya etimadın hansı miqyasda çökdüyünü açıq göstərir. On il əvvəl bir dollar təxminən 32 min riyal idi. 2026-cı ilin fevral ayının sonunda 930 min riyal. İndi isə təxminən 1,53 milyon riyal. Orta illik 47 faizlik devalvasiya əmanətləri, maaşları, investisiya planlarını və sosial sabitliyi dağıdır.
Adi insan üçün bu, çox sadə məna daşıyır: o, dövlətin bunun səbəbini izah etməyə macal tapmasından daha sürətlə yoxsullaşır.
Snapback əsas zərbə deyil. Əsas zərbə sistemin özüdür
İran 2015-ci il nüvə sazişindən snapback mexanizminin Avropa dövlətləri tərəfindən işə salınmasından sonra BMT sanksiyalarının bərpasından şikayətlənir. Formal olaraq bu mexanizm saziş iştirakçılarından birinin İranın öhdəlikləri yerinə yetirmədiyini bəyan etməsi halında məhdudiyyətlərin avtomatik qaytarılmasını nəzərdə tuturdu.
Amma bu sanksiyaların real təsiri məhduddur. İran onsuz da sənayeləşmiş ölkələrlə az ticarət edir. Snapback işə düşməzdən əvvəl Avropa İttifaqının İrandan idxalı ildə təxminən 2 milyard dollar, Aİ-nin İrana ixracı isə təxminən 5 milyard dollar təşkil edirdi. Bunlar İran iqtisadiyyatının taleyini müəyyən edən həcmdə göstəricilər deyil.
Tehranın strateji tərəfdaş adlandırdığı Rusiya ilə ticarət belə təvazökar səviyyədə qalır. 2023-cü ildə Rusiyanın İrandan idxalı təxminən 700 milyon dollar, İrana ixracı isə təxminən 1,5 milyard dollar olub.
Bu, vacib bir məqamı göstərir: İranın xarici siyasət ritorikası onun real iqtisadi inteqrasiyasından qat-qat böyükdür. Ölkə geosiyasi güc dili ilə danışır, amma ticarət göstəriciləri təcridi, məhdudluğu və struktur zəifliyi ortaya qoyur.
Korpus, subsidiyalar, korrupsiya: İran böhranının üç dayağı
İran iqtisadiyyatı üç təhlükəli təməl üzərində dayanır.
Birincisi, güc strukturlarının, ilk növbədə SEPAH-ın iqtisadiyyatda nəhəng roludur. Bu, resursların paralel bölüşdürülməsi sistemini yaradır. Həmin sistemdə siyasi loyallıq səmərəlilikdən, qapalı kanallar isə şəffaf büdcədən daha önəmli olur.
İkincisi, subsidiyalardır, xüsusilə enerji daşıyıcılarına verilən subsidiyalar. Onlar narazılığı müvəqqəti cilovlamağa imkan verir, amma eyni zamanda qənaət stimullarını dağıdır, qaçaqmalçılığı qızışdırır və dövləti modernləşmə üçün lazım olan resurslardan məhrum edir.
Üçüncüsü, korrupsiya və qeyri-şəffaflıqdır. Sanksiyalara görə ixrac sxemlərinin məcburən gizlədildiyi bir ölkədə korrupsiya ideal mühit tapır. Vasitəçilər, yarımdövlət strukturları, güc strukturlarına bağlı iqtisadi qruplar və hakimiyyətə yaxın biznes dairələri sanksiyalardan yayınmanı varlanma mənbəyinə çevirir.
Məhz buna görə sanksiyaların götürülməsi belə problemi aradan qaldırmır. Bu, qapını aça bilər, amma o qapının arxasında investor islah edilmiş iqtisadiyyat deyil, qaydaların dəyişdiyi, mülkiyyətin zəif qorunduğu, güc strukturlarının təsirli olduğu və dövlətin xroniki şəkildə qazandığından çox xərclədiyi bir sistem görəcək.
Niyə sülh xilas yolu olmayacaq
ABŞ-la sülh, əgər ümumiyyətlə mümkündürsə, hərbi təzyiqi azalda bilərdi. O, yeni zərbələr riskini aşağı sala, neft ixracını qismən sabitləşdirə, aktivlər və sanksiyalar üzrə danışıqlar üçün meydan aça bilərdi.
Amma sülh elektrik stansiyalarını təmir etməyəcək. Körpüləri bərpa etməyəcək. Qaz anbarları yaratmayacaq. Su sistemini modernləşdirməyəcək. Bankların davranışını dəyişməyəcək. İnvestorları FATF-i, SEPAH-ı və korrupsiyanı unutmağa məcbur etməyəcək. Dövlət xərcləri bank krediti hesabına maliyyələşdirməkdə davam edərsə, inflyasiyanı azaltmayacaq. İnsanlar milli valyutaya inanmırsa, devalvasiyanı dayandırmayacaq.
İran hakimiyyətinin əsas səhvi xarici siyasət sövdələşməsinin daxili islahatı əvəz edə biləcəyinə inanmasıdır. Əvəz edə bilməz.
İrana təkcə danışıqlar yox, iqtisadi modelin yenidən yığılması lazımdır. Enerji daşıyıcıları üçün real qiymətlər, investisiyaların qorunması, müstəqil pul siyasəti, büdcədənkənar xərclərin azaldılması, güc strukturlarının iqtisadi rolunun məhdudlaşdırılması, energetikanın, su təsərrüfatının, nəqliyyatın və sənayenin modernləşdirilməsi lazımdır.
Amma bütün bunlar siyasi iradə tələb edir. Rejimin addımlarına baxanda isə belə iradəyə sahib olmadığı görünür. Çünki İranda əsl iqtisadi islahat qaçılmaz olaraq onilliklər boyu indiki xaosdan qazananların maraqlarına toxunacaq.
Təkcə müharibəni yox, idarəetməni də uduzan ölkə
İran böhranını sadə bir formulaya endirmək olmaz: "sanksiyalar iqtisadiyyatı dağıtdı". Sanksiyalar ağır zərbə vurdu, amma hər şeyi izah etmir. Onlar izah etmir ki, niyə qaz dövləti qaz qıtlığının öhdəsindən gələ bilmir. Niyə neft ölkəsi milyardlarla dollarlıq benzin idxal edir. Niyə paytaxt su çatışmazlığına görə evakuasiya təhlükəsi ilə üzləşə bilər. Niyə elektrik şəbəkələri yükə tab gətirmir. Niyə inflyasiya 40 faizə çatır, valyuta isə onilliklər boyu dəyərdən düşür. Niyə neft gəlirlərinin bir hissəsi ölkənin inkişafına deyil, qapalı güc kanallarına axır.
Tehran üçün cavab xoşagəlməzdir: İran təkcə xarici təzyiqdən əziyyət çəkmir. O, öz quruluşundan əziyyət çəkir.
ABŞ-İsrail kampaniyası ölkəyə nəhəng ziyan vurdu. Amma rejim bu həssaslığın zəminini illərlə özü hazırladı. O, elə bir iqtisadiyyat qurdu ki, orada siyasi sağ qalmaq səmərəlilikdən, subsidiyalar investisiyalardan, güc strukturları bazardan, ideologiya isə peşəkarlıqdan daha önəmli sayılır.
Buna görə ABŞ-la dərhal sülh belə xilas olmayacaq. O, yalnız dağıntının bir mənbəyini dayandıracaq. Əsas mənbə isə sistemin öz içində qalacaq.
İran resursları olmadığına görə özünü məhvetmə rejiminə girməyib. Onun nefti, qazı, sənaye bazası, savadlı əhalisi, coğrafi mövqeyi və ixrac potensialı var. Amma dövlət resursları inkişafa çevirməyi bacarmayanda bütün bunlar dəyərdən düşür.
Məhz buna görə bugünkü İran fəlakəti təkcə müharibə və sanksiyalar hekayəsi deyil. Bu, nəzarəti idarəetmə ilə, səfərbərliyi iqtisadiyyatla, rejimin sağ qalmasını isə ölkənin sağ qalması ilə səhv salan hakimiyyətin hekayəsidir.
Milli.Az