Bakıda tam marafonun keçirilməsi bu tədbiri yeni səviyyəyə çıxarır – Zemfira Meftahəddinova

3 May 2026 11:20

Bakıda tam marafonun keçirilməsi bu tədbiri yeni səviyyəyə çıxarır.

Milli.Az bildirir ki, bunu bazar günü Trend-ə Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu, "İdman Veteranları" İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahəddinova "Bakı Marafonu 2026" çərçivəsində deyib.

"Mənim üçün marafonda iştirak, ilk növbədə, idmanın və birliyin böyük bayramıdır. Xüsusilə vacibdir ki, bu il ilk dəfə tam marafon keçirilir - bu, tədbiri tamamilə yeni səviyyəyə çıxarır.

Burada inanılmaz bir atmosfer hiss olunur: startda və marşrut boyunca həm peşəkar idmançılar, həm həvəskarlar, hətta olimpiya çempionları bir aradadır. Bu, hazırlıq səviyyəsindən asılı olmayaraq irəli getməyə motivasiya verir və ilhamlandırır", - deyə o bildirib.

Meftahəddinovanın sözlərinə görə, marafonun insanları - idmanı sevənləri, onu dəstəkləyənləri və sadəcə bu böyük hərəkata qoşulmaq istəyənləri birləşdirməsi çox sevindiricidir.

"Hər bir iştirakçıya uğurlar, güc və əlbəttə ki, məsafədə parlaq emosiyalar arzulayıram!", - deyə o əlavə edib.

Milli.Az