Biz keçmişin xatirələrini, acı xatirələrini, qanlı xatirələrini heç vaxt unuda bilmərik. İşğal dövrünün acı təcrübələrindən, nəticələrindən biri məhz itkin düşmüş şəxslər məsələsidir. Bu günədək 4 minə yaxın vətəndaşımızın taleyi barəsində hələ heç bir məlumat yoxdur. Onların da əksəriyyətini məhz mülki şəxslər təşkil edir ki, işğal dövründə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövründə bu insanlar əsir götürülmüş, girov götürülmüş və onların sonrakı taleyi haqqında da məlumat olmayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlahiddə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu barədə çoxsaylı məlumatlar toplanlb:
"Lakin onlar işlərini axıra qədər başa çatdırmayıblar, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib. Belə ki, 4 minə qədər insanlarımızın taleyi və onlara münasibətdə törədilən əməllər barədə biz hər hansı bir məlumat ala bilməmişik. Ona görə də bu günə qədər bu məsələ açıq qalmaqda davam edir. Və biz Ermənistan tərəfinə də müxtəlif kanallarla müraciət etmişik. Hətta sonuncu dəfə Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri burada olanda onlara da müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri, onların məlumatları əsasında Azərbaycan tərəfinə məlumat versinlər. Çünki ailələr hələ də öz övladları, analar öz oğulları barəsində, qızları barəsində məlumatlar gözləyirlər. Amma bu məlumatları hələ biz təqdim edə bilməmişik".
H.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin yaratdığı şərait, verdiyi tapşırıqlara uyğun olaraq müvafiq dövlət komissiyası tərəfindən aparılmış axtarışlar nəticəsində bir sıra vətəndaşlarımızın qalıqları tapılıb və onların DNT analizləri və çox mürəkkəb bir analiz prosesi nəticəsində onların kimliyi müəyyən edilmiş və ailələrinə məlumat verilib:
"Amma hələ də qarşımızda böyük iş durur. Beynəlxalq humanitar hüquqa əsasən, mandat daşıyıcısı olan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu işlər 30 il ərzində həyata keçirilməli olduğu təqdirdə, onlar tərəfindən bu işlər həyata keçirilməyib. Ən azından da onların gördüyü işləri biz qənaətbəxş hesab etməmişik və xalqımızın da, vətəndaşlarımızın da bu məsələdə haqlı gözləntiləri olub".
Milli.Az