"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"

1 May 2026 16:32

"Aprelin 30-da Avropa Parlamenti növbəti dəfə Azərbaycan əleyhinə qətnamə qəbul edib və bu, artıq sayca 13-cü belə sənəddir. Bu məsələ ilə bağlı Milli Məclisdə geniş müzakirələr keçirildi və parlamentin bəyanatı qəbul olundu. Həmin bəyanatda Avropa Parlamentinin anti-Azərbaycan siyasəti kəskin şəkildə pislənildi və qaldırılan məsələlərin heç birinin həqiqəti əks etdirmədiyi vurğulandı".

Bu sözləri Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü olmadığından bu qurum qarşısında hər hansı öhdəlik daşımır:

"Avropa Parlamentinin bu addımı Azərbaycanın daxili işlərinə qarışmaqdır və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir".

Deputat qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın mövqeyi diplomatik kanallarla da qarşı tərəfə çatdırılıb:

"Azərbaycan Xarici İşlər Nazirliyinə Avropa İttifaqının ölkəmizdəki səfiri dəvət olunub və rəsmi etiraz bildirilib. Bu cür qərarların ikitərəfli münasibətlərə ciddi maneə törətdiyi diqqətə çatdırılıb".

E.Nəsirov əlavə edib ki, Milli Məclisin bu günki bəyanatında Avropa İttifaqı ilə parlamentlərarası əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən komitənin işi də dayandırılıb:

"Mən də həmin komitənin üzvüyəm və bu sənədə öz etirazımızı bildirmişik".

Deputat Avropa Parlamentini korrupsiya qalmaqalları fonunda tənqid edib. 

"Bu təşkilat getdikcə daha çox korrupsiyalaşır. Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb. 2022-ci ildə baş verən "Qatargate".hadisəsini heç kim unutmayıb. Avropa Parlamentinin 14 vitse-prezidenti var və onlardan biri bu işdə ittiham edilmişdi".

Onun fikrincə, son qətnamədə Azərbaycana qarşı səsləndirilən ittihamlar əsassızdır:

"Qarabağla bağlı irəli sürülən iddialar, guya Azərbaycanın erməniləri zorla köçürməsi, hərbi cinayətlər törətməsi, dini və mədəni irsi dağıtması kimi fikirlər tamamilə saxtadır".

Deputat vurğulayıb ki, Azərbaycan dövləti və cəmiyyəti bu kimi yanaşmaları qəti şəkildə rədd edir:

"Parlament və Xarici İşlər Nazirliyi öz mövqeyini açıq şəkildə ortaya qoydu. Hesab edirəm ki,  Avropa Parlamenti bu məsələlərə yenidən baxmalıdır. Əks halda bu yanaşma regionun aparıcı dövləti olan Azərbaycanla münasibətlərə zərbə vurur və bu, Avropa İttifaqının region siyasəti ilə də ziddiyyət təşkil edir".

Mina Mikayılova
Milli.Az