"Əgər biz "Google" axtarış sistemində siyasi korrupsiya, siyasi rüşvətxorluq və siyasi lobbiçilik yazsaq, bu terminlərlə bərabər Avropa Parlamentinin adı da çıxır. Çünki 2022-ci ildə Belçika polisi rəsmən Avropa Parlamentinin ayrı-ayrı üzvlərinə, o cümlədən Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili haqqında siyasi rüşvətxorluğa və qeyri-qanuni lobbiçilik fəaliyyətinə görə cinayət işi açmışdı".
Bu sözləri Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu kimi hallar Avropa Parlamentinin müxtəlif lobbilərə xidmət etdiyini göstərir:
"Belə olan halda bu korrupsiyalaşmış müxtəlif lobbilərə xidmət edən, islamofob dairələrə xidmət edən bir parlamentlə Azərbaycanın əməkdaşlığı mənə elə gəlir ki, uyğun deyil. Ona görə də haqlı olaraq bizim parlament bu gün Avropa Parlamenti ilə əlaqələrin dayandırılması haqqında qətnamə qəbul etdi".
H.Babaoğlu qeyd edib ki, Avropa Parlamentinin mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları ilə bağlı da qərəzlidir:
"Baxın, siyasi mövqeyin təhrif olunması, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, suveren hüquqlarımızın şübhə altına alınması onu göstərir ki, Avropa Parlamenti nə demokratik dəyərlər baxımından, nə də beynəlxalq hüquq baxımından düzgün mövqe seçməyib. O, müəyyən maddi təminat qarşısında kiminsə maraqlarına xidmət edir".
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulub. Eyni zamanda Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılıb və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
Mina Mikayılova
Milli.Az