"Cəhənnəm Necati"nin adamları da saxlanıldı

1 May 2026 14:39

Türkiyədə "Cəhənnəm Necati" və "Köln atası" ləqəbləri ilə tanınan Coşqun Necati Arabacının rəhbərlik etdiyi dəstənin beynəlxalq narkotik qaçaqmalçılığı ilə məşğul olduğu müəyyən edilib.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, qruplaşma Almaniya, Braziliya və İspaniyada fəaliyyət göstərərək narkotik ticarətindən böyük gəlirlər əldə edib. Bundan əlavə, dəstə üzvlərinin bu fəaliyyətlərdən qaynaqlanan mübahisələrdə işgəncə və qəsdən adam öldürmə kimi ağır cinayətlərdə də iştirak etdiyi bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyatlar çərçivəsində İstanbul, İzmir və Tuncelidə eyni vaxtda reydlər keçirilib. Nəticədə 5 şübhəli saxlanılıb. Əməliyyat zamanı cinayət yolu ilə əldə olunduğu ehtimal edilən 22 daşınmaz əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkətdəki paylar da daxil olmaqla ümumilikdə təxminən 780 milyon türk lirəsi dəyərində aktivlər müsadirə edilib.

Saxlanılan şəxslər ifadə vermək üçün polis bölməsinə aparılıb. Qeyd olunur ki, Coşqun Necati Arabacı ilə bağlı ötən ilin noyabrında İzmir şəhərində mühüm hüquqi proses də başa çatmışdı.

Milli.Az