Bakıda II Beynəlxalq Xalça Forumunun açılışı keçirilib.
Milli.Az xəbər verir ki, tədbir 1-3 may tarixlərində "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə, Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilir.
"Xalça sənayesi: dəyər yaradılması, brendinq və qlobal bazara inteqrasiya. Mədəni irsdən rəqabətqabiliyyətli qlobal məhsula doğru" mövzusuna həsr olunan forum Bakı Biznes Mərkəzində aparıcı beynəlxalq ekspertləri, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və xalça sənayesinin yaradıcı sahə nümayəndələrini bir araya toplayıb.
Açılış mərasimində "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi Emin Məmmədov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, Beynəlxalq Xalça Festivalının incəsənət və marketinq üzrə koordinatoru Nigar İsmayılzadə çıxış ediblər.
Qeyd olunub ki, tədbir əl ilə toxunan xalçaların ənənəvi irs elementi kimi qəbulundan qlobal bazarda dayanıqlı və rəqabətqabiliyyətli məhsula çevrilməsi yolunda mühüm platformaya çevrilir.
Vurğulanıb ki, forum ilk növbədə nəzəri müzakirələrə deyil, praktik biznes təcrübəsinə və artıq öz effektivliyini sübut etmiş uğurlu beynəlxalq keyslərə yönəlib. Forumun əsas məqsədlərindən biri xalçanın yalnız mədəni və ya muzey obyekti kimi deyil, yüksək gəlir gətirən, dünya bazarlarında uğurla rəqabət apara bilən kommersiya məhsulu kimi mənimsənilməsinə keçidi təmin etməkdir.
Dizayna dair müasir tələblərə xüsusi diqqət yetirilib. Beynəlxalq uğur üçün təkcə ənənəvi keyfiyyət və toxunuş texnikası deyil, həm də xalçanın aktual interyer trendlərinə uyğunluğu və dizayn innovasiyalarının tətbiqi vacib hesab olunur.
Həmçinin "storitellinq"in əhəmiyyətinin artdığı qeyd olunub: müasir alıcı yalnız məhsulun özünə deyil, onun yaranma hekayəsinə - mədəniyyətə, toxucu ustanın əməyinə və hər bir xalçada əks olunan simvolik, demək olar ki, sakral məna qatına da diqqət yetirir.
Sonda vurğulanıb ki, forumun əsas diqqəti praktikaya yönəlib: nəzəri mühazirələr əvəzinə iştirakçılara artıq qlobal bazarda möhkəm mövqe tutmuş xarici şirkət və dizaynerlərin satış və ixrac üzrə uğurlu strategiyalarının real nümunələri təqdim olunur. Forum həmçinin xalçaçılıq sektorunun iqtisadi potensialının artırılması məqsədilə dizaynerlər və istehsalçılar üçün praktiki "yol xəritəsi"ni təqdim olunmasını hədəfləyir.
Tədbir tematik sessiyalarla davam edib.
Forum möhtəşəm festivalın - mədəni marafonun başlanğıcı olacaq. Artıq 2-3 may tarixlərində Bakının tarixi mərkəzi - İçərişəhər canlı xalça sənəti məkanına çevriləcək. Əsas məqsəd Azərbaycan xalçaçılığını dünya səhnəsində təqdim etmək, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, həmçinin dünyanın müxtəlif ölkələrindən olan xalça ustalarının təcrübə və bacarıqlarını mənimsəməkdir.
Qədim karvansaralar, meydanlar və tarixi evlər xalça sərgiləri, ustad dərsləri və musiqi proqramlarının əsas məkanı olacaq. Dünyanın müxtəlif ölkələrinin nümayəndələri Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda öz xalçaçılıq ənənələrini nümayiş etdirəcəklər. Bundan əlavə, İçərişəhərdə yerləşən qalereyalarda bir neçə tanınmış yerli və xarici rəssamın sərgiləri keçiriləcək.
Festival çərçivəsində müxtəlif regionlara məxsus unikal xalça sərgiləri, toxucuların ustad dərsləri (burada naxışın yaranma prosesini canlı izləmək mümkün olacaq), nümayiş xarakterli proqramlar və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər də təşkil olunacaq.
Şəhər sanki xalça mədəniyyətinə "bürünəcək" - lakin muzey formatında deyil, canlı və dinamik bir mühitdə.
Belə forumlar ənənəvi incəsənətə yeni baxış formalaşdırır. Xalça artıq yalnız irs obyekti olmaqdan çıxaraq müasir mədəni iqtisadiyyatın bir hissəsinə, ölkə brendinə və beynəlxalq dialoq alətinə çevrilir.
Və ən əsası - bu cür tədbirlər onu göstərir ki, əl işi, simvolika və tarix rəqəmsal dövrdə də aktuallığını qoruyub saxlayır.
Bu günlərdə Bakı sadəcə xalçanın dünya paytaxtına çevrilmir - o, keçmişlə gələcəyin bir tabloda birləşdiyi məkana çevrilir.
Beləliklə, Bakı yenidən ənənəvi incəsənət və müasir dizayn həvəskarları üçün dünyanın cazibə mərkəzlərindən birinə çevrilib. Azərbaycanda xalçaçılıq artıq uzun müddətdir ki, sadəcə sənətkarlıq sahəsi olmaqdan çıxıb - bu, regionların ornamentlərini, ailə ənənələrini və bütöv dövrlərin estetik kodunu özündə daşıyan vizual dildir. Bu gün məhz Bakı bu dilin müasir qlobal formata çevrildiyi məkana çevrilir.
Milli.Az