Müdir işçini "girov" saxlayır - ŞİKAYƏT

1 May 2026 12:05

"Mega-Az" şirkəti işdən çıxan əməkdaşının əmək müqaviləsinə xitam vermir.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

Şikayətçi Çoşqun Hüseynli bildirir ki, o, 26 avqust 2025-ci il tarixindən etibarən "Mega-Az" MMC-də ekspeditor vəzifəsində çalışıb.

Onun sözlərinə görə, bu ilin mart ayında ailə vəziyyəti ilə əlaqədar işdən çıxmaq üçün müraciət edib və Bakı şəhərindən Lənkərana köçüb. Lakin iddiasına əsasən, şirkətin müdiri Kənan Kazımov onun əmək müqaviləsinə xitam vermir.

Şikayətçi qeyd edir ki, hazırda nə işə buraxılır, nə də əmək müqaviləsinə xitam verilir:

"İki aydır maaş almıram. Faktiki olaraq "girov" vəziyyətində saxlanılıram. Ailəmi dolandırmaq üçün vəsaitim yoxdur, övladım aclıq çəkir".

Onun sözlərinə görə, başqa iş yeri tapsa da, əvvəlki iş yerində müqaviləsinə xitam verilmədiyi üçün yeni işə başlaya bilmir.

Şikayətçi yaranmış vəziyyətin səbəbi kimi rəhbər şəxsdən 3 min manat borc almasını göstərir:

"Borcu hissə-hissə ödəmək şərti ilə götürmüşəm. Amma indi nə işləməyə icazə verirlər, nə də başqa yerdə işləyib borcumu qaytarmağa şərait yaradırlar".

Şikayətçi hüquqlarının bərpa olunmasını istəyir.

Qarşı tərəflə əlaqə saxlamaq istəsək də, zənglərimiz və mesajlarımız cavabsız qalıb.

Mina Mikayılova
Milli.Az