Bakıda bədii gimnastika üzrə Avropa kuboku start götürüb - FOTO

1 May 2026 00:41

Bədii gimnastika üzrə Avropa kuboku yenidən Bakı şəhərində keçirilir və paytaxt bir daha gimnastika bayramına ev sahibliyi edir. Bu mötəbər yarışda 32 ölkədən 135 böyüklər və 62 gənc gimnast iştirak edərək öz ustalıqlarını nümayiş etdirirlər.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, yarışın ilk günündə, təsnifat mərhələsində gənc gimnastlar fərdi proqramda müxtəlif alətlər üzrə çıxışlarını təqdim ediblər. Qrup hərəkətləri proqramında isə komandalar çoxnövçülük üzrə performanslarını sərgiləyiblər. Arenada ilk gündən etibarən yalnız idman deyil, incəsənət və zərifliyin harmoniyası nümayiş olunub.

Təsnifat mərhələsinin sonunda ən yüksək nəticə göstərən 8 ölkənin fərdi gimnastları müəyyənləşib və onlar sabah komanda şəklində çarpaz qarşılaşmalarda mübarizəni davam etdirəcəklər.

Kubokda yalnız fərdi gimnastlar deyil, böyüklər yaş kateqoriyasında qrup hərəkətləri komandaları da çarpaz formatda yarışaraq qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən Avropa Gimnastikasının prezidenti, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Bakının bu il idman paytaxtı seçildiyini və mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb. Nazir, həmçinin qeyd edib ki, bədii gimnastika ölkəmizdə maraq doğuran idman növlərindən biridir və bu cür turnirlər idmançıların təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıyır.

Açılış mərasimi daha sonra bədii hissə ilə davam edib və tamaşaçılara unudulmaz anlar yaşadıb.

Milli Gimnastika Arenası növbəti üç gün ərzində də zərifliyin, estetikanın və yüksək ustalığın ən möhtəşəm anlarına şahidlik etməyə davam edəcək.

Milli.Az