Xalq artisti illərə meydan oxuyan gözəlliyinin sirrini AÇIQLADI

1 May 2026 13:21

Azərbaycanın xalq artisti Məleykə Əsədova illərə meydan oxuyan görünüşünün sirrini açıqlayıb.

Milli.Az-ın məlumatına görə, aktrisa bildirib ki, formada qalmaq üçün xüsusi pəhriz saxlamasa da, qidalanmasına diqqət yetirir. Onun sözlərinə görə, boyu 1.70 sm, çəkisi isə 56 kiloqramdır və son vaxtlar 58 kilodan arıqlayıb:

"İndiyə qədər ciddi pəhriz saxlamamışam. Amma görsəm ki, kökəlirəm, imkan vermərəm, dərhal özümü nəzarətə alaram".

Sənətçi qidalanma vərdişlərindən də danışıb. O qeyd edib ki, axşam saatlarında yemək yeməkdən çəkinmir və yağlı yeməkləri sevdiyini gizlətmir:

"Axşamlar da yeyirəm. Buğa bürclü insanlar dadlı yeməkləri sevir, mən də həmçinin. Amma çox yemirəm. Az-az və tez-tez qidalanıram. Hətta gecə 12-1-ə qədər yeyə bilərəm".

Bununla yanaşı, aktrisa səhər yeməyinə o qədər də üstünlük vermədiyini bildirib:

"Səhərlər yemək yemirəm. Bəlkə də buna görə arıq qalıram".

Məleykə Əsədovanın bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun balanslı qidalanma yanaşmasının diqqətçəkici olduğunu qeyd ediblər.

Musa
Milli.Az