“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək”

30 Aprel 2026 22:37

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin sərhədlərinin qorunması sistemində mühüm dəyişikliklərin olacağını bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Türkiyə və İranla sərhədin bəzi sahələrində rusiyalı sərhədçilərin mərhələli şəkildə Ermənistan sərhədçiləri ilə əvəz olunacağını bildirib.

Paşinyanın sözlərinə görə, bu proses Ermənistanın daxili resurslarının və sərhəd qoşunlarının potensialının artması ilə mütənasib şəkildə həyata keçiriləcək:

"Tədricən, resurslarımız artdıqca, biz sərhədin daha çox hissəsinə nəzarəti öz üzərimizə götürə bilərik. 1990-cı illərin əvvəllərində imzalanmış müqavilə də məhz Ermənistanın vaxt keçdikcə öz sərhədlərini müstəqil qorumaq imkanlarını artırmasını nəzərdə tutur".

Baş nazir qeyd edib ki, hazırda Rusiya tərəfi ilə maliyyələşmə məsələləri də müzakirə olunur. Belə ki, sərhədlərin qorunması üçün xərclərin artırılması gündəmə gələrsə, Ermənistan bu vəsaiti rusiyalı hərbçilərə ödəmək əvəzinə, öz sərhəd xidmətinin inkişafına yönəltməyə üstünlük verəcək.

Qeyd edək ki, aprelin 15-də Nikol Paşinyan Ermənistan və Rusiya arasındakı münasibətlərin "görünməmiş dərəcədə yüksək" səviyyədə olduğunu və iki ölkə arasında nifaq salmaq cəhdlərinin nəticəsiz qaldığını bəyan etmişdi.

Xatırladaq ki, artıq 2024-cü ilin avqustundan "Zvartnos" hava limanında, 2025-ci ilin yanvarından isə İranla sərhəddəki bəzi keçid məntəqələrində erməni sərhədçilər xidmətə başlayıblar.

Milli.Az