AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.
Milli.Az xəbər verir ki, "Airbus A320neo" 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20% azaldılıb. Çevik və funksional "Airspace" kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri ("XL bins") sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlar və sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və "AZAL Miles" proqramının müəyyən statuslu üzvləri "Wi-Fi" xidmətindən ödənişsiz yararlana biləcəklər.
AZAL-ın uzunmüddətli inkişaf strategiyasında donanmanın mərhələli şəkildə müasirləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə yeni təyyarənin donanmaya daxil edilməsi əməliyyat xərclərinin optimallaşdırılması, ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsini əsas prioritet kimi müəyyən edən AZAL-ın donanmasında hazırda 25 təyyarə mövcuddur və 2032-ci ilədək bu sayın 50-dən çox olması hədəflənir. Bu yanaşma ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, həmçinin AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarına malik qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.
Təyyarənin qarşılanma mərasimi ilə bağlı videonu linkə keçid edərək izləyə bilərsiniz: https://youtube.com/shorts/BTzrMcmtyqA?feature=share
Aysel
Milli.Az