"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"

30 Aprel 2026 16:28

"Luis Moreno Okamponun bir fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir. Okampo uzun illər erməni lobbisinin təsiri altında fəaliyyət göstərib və Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Bu baxımdan onun səsləndirdiyi fikirlər o qədər də böyük təəccüb doğurmur".

Bu sözləri Milli.Az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, burada diqqət çəkən əsas məqamlardan biri Okamponun açıqlamaları fonunda Avropa Birliyi strukturlarının nə dərəcədə riyakar və qərəzli olduğunun bir daha ortaya çıxmasıdır. E.Xalidbəyli bildirib ki, bu açıqlamalar göstərir ki, erməni lobbisi Avropa Birliyinin bir çox strukturlarında, xüsusilə də yüksək səviyyələrdə təmsil olunan siyasətçilərə təsir imkanlarına malik olub:

"Bəzi avropalı siyasətçilər məhz erməni diasporunun rüşvəti hesabına fəaliyyət göstərərək Azərbaycana qarşı qərəzli mövqe tutublar və bu da onların faktiki olaraq ifşa olunması anlamına gəlir. Okamponun açıqlamaları Azərbaycana qarşı qərəzli mövqenin arxasında erməni diasporunun maliyyə təsirinin dayandığını göstərir".

E.Xalidbəyli vurğulayıb ki, bu cür fəaliyyətlər Avropa Birliyi strukturlarında münasibətlər sisteminin, həmçinin müxtəlif siyasi kampaniyaların təşkilinin çürümüş və riyakar xarakter daşıdığını ortaya qoyur. O hesab edir ki, Azərbaycana qarşı irəli sürülən ittihamlar əsassız və uydurma faktlara əsaslanıb:

"Azərbaycanın siyasi dairələri bu videodan istifadə etməli və uzun illər ölkəyə qarşı əsassız ittihamlar irəli sürən şəxslərin ifşa olunması üçün bundan yararlanmalıdır".

Onun fikrincə, həmin şəxslərə bu açıqlamalar əsasında müxtəlif suallar ünvanlamaq mümkündür və bu, onların mövqeyinin izah edilməsini tələb edəcək:

"Bu material ümumilikdə ifşa xarakteri daşıyır və Avropa Birliyi strukturlarında səsləndirilən iddiaların arxasında dayanan səbəblərin üzə çıxarılması baxımından əhəmiyyətlidir".

Qeyd edək ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu video görüntülər yayılıb. Görüntülərdə onlar öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar. Videoda Azərbaycana qarşı koordinasiyalı təzyiq mexanizmlərindən, həm də Ermənistanın daxili siyasi gələcəyinə təsir planlarından bəhs edirlər.

Mina Mikayılova
Milli.Az