Fransada 62 yaşlı kişi həkimlər tərəfindən ölü elan edildikdən 3 saat sonra yenidən həyata qayıdıb.
Milli.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilir ki, Bretan bölgəsində yaşayan Didye adlı şəxs Rennes Universitet Xəstəxanasında ürək dayanması keçirib. Həkimlər onu təxminən 40 dəqiqə reanimasiya etməyə çalışsalar da, nəticə əldə olunmayıb və ölüm faktı yaxınlarına bildirilib.
Lakin 3 saat sonra xəstəxana personalı onun yenidən nəbzinin vurduğunu müəyyən edib. Kişi reanimasiya şöbəsinə yerləşdirilib, bir neçə gün sonra vəziyyəti stabilləşib. Məlumata görə, oyandıqdan sonra onda nitq və hərəkət baxımından ciddi problem aşkarlanmayıb.
Həkimlər baş verən hadisənin nadir rast gəlinən "Lazar fenomeni" ilə bağlı ola biləcəyini istisna etmirlər. Bu hal reanimasiya dayandırıldıqdan sonra ürəyin öz-özünə yenidən fəaliyyətə başlaması kimi izah olunur.
Ayxan
Milli.Az