Müğənni Mabel Matiz barəsində açılan iş üzrə prokuror həbs cəzası tələb edib.
Milli.Az xəbər verir ki, İstanbul 54-cü Cinayət Məhkəməsində keçirilən iclasda "Perperişan" adlı mahnının sözlərinə görə irəli sürülən "ədəbsizlik" ittihamı müzakirə olunub. Sənətçi iclasa qatılmayıb.
Prokuror yekun çıxışında mahnı sözlərində "fiziki və psixoloji metaforalar" olduğunu, həmçinin mətnin cinsi məzmun daşıdığını iddia edib. Bildirilib ki, mahnı geniş auditoriya üçün açıq platformalarda yayımlandığı üçün xüsusilə uşaqlar üçün risk yarada bilər.
İttihamnamədə qeyd olunur ki, mahnıdakı ifadələr "dolayı şəkildə cinsi istəyi təhrik edir" və "ümumi əxlaqa zidd məzmun daşıyır". Bu səbəbdən Mabel Matiz üçün 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunub.
Müğənninin vəkilləri prokurorun rəyinə qarşı müdafiə hazırlamaq üçün vaxt istəyiblər. Məhkəmə prosesi 8 may tarixinə təxirə salınıb.
Milli.Az