Macarıstanın “Magyar Rhapsody Projekt” qrupu Bakıda konsert proqramı ilə çıxış edib - FOTO

29 Aprel 2026 19:19

Macarıstanın məşhur "Magyar Rhapsody Projekt" qrupu aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. 

Qrup tamaşaçıları "Əcdadlarımızın irsi" layihəsi çərçivəsində maraqlı musiqi səyahətinə aparıb. Bu səyahətdə azərbaycanlı musiqisevərlərə qədim macar musiqi alətləri yoldaşlıq edib. Nadir alətlər kolleksiyasını özündə əks etdirən və əsl musiqili səyahət təsiri bağışlayan proqramda ifaçılar bədən, ruh və düşüncə arasında harmoniya yaradan və qədim səslərlə mükəmməl uyğunlaşan alətlərlə Balkan və Şərq motivləri, türk, qazax və macar musiqisindən ibarət rəngarəng repertuar tədqim ediblər.

Qeyd edək ki, bir sıra musiqi mükafatlarının sahibi Barsoni Balintin rəhbərlik etdiyi qrup (Mate Vendl - zərb alətləri, Norbert Elek - piano və zurna, Laszlo Mathe - bas gitara və skripka, Attila Rieger - koboz və gitara) son 12 il ərzində iki albom, 18 musiqi klipi və çoxsaylı konsertlərlə şöhrət qazanıb. Qrup həm xaricdə, həm də ölkədaxili böyük multikultural mədəni layihələrlə müntəzəm olaraq çıxış edir. 

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az