Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR

29 Aprel 2026 15:12

"Yaz allergiyası əslində immun sisteminin zərərsiz sayılan tozcuqlara qarşı həddindən artıq reaksiyasıdır".

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

"Bu dövrdə allergik şikayətlərin artmasının əsas səbəbi hava şəraitinin dəyişməsi və havada tozcuqların çoxalmasıdır. Azərbaycanda mart-aprel aylarında qovaq, çinar və fındıq ağaclarının tozcuqları daha çox yayılır. May-iyun aylarında isə ot və çəmən bitkilərinin tozcuqları allergik şikayətləri artırır".

Onun sözlərinə görə, yaz allergiyasının əsas əlamətləri burun axıntısı, burunda və gözlərdə qaşınma, burun tutulması və bəzən qulaqlarda dolğunluq hissidir. Daha ağır hallarda isə nəfəs darlığı, sinədə sıxılma və gecələr xışıltılı tənəffüs müşahidə oluna bilər ki, bu da bronxların prosesə qoşulduğunu göstərir.

Bildirib ki, ailəsində allergiya olan şəxslərdə risk daha yüksəkdir:

"Valideynlərdən birində allergiya varsa risk 20-30 faiz artır, hər iki valideyndə olduqda isə bu göstərici 50-60 faizə çatır. Bu, mütləq allergiya yaranacaq demək deyil, lakin meyllilik xeyli yüksəlir".

Həkim əlavə edib ki, erkən uşaqlıq dövründə atopik dermatit və ekzema keçirmiş şəxslərdə gələcəkdə allergik rinit və astma inkişaf etmə ehtimalı daha yüksəkdir. Bu proses "atopik yürüş" adlanır.

Söyləyib ki, steril mühitdə böyüyən uşaqlarda da allergiyaya meyllilik arta bilər:

"İmmunitet sisteminin inkişafı üçün onun müəyyən allergenlərlə təmasda olması vacibdir. Əks halda, sistem zərərsiz maddələrə belə həddindən artıq reaksiya verə bilər".

Qeyd edib ki, allergiyanın qarşısının alınması üçün erkən diaqnostika və düzgün yanaşma vacibdir.

Mina Mikayılova
Milli.Az