Azərbaycan mətbəxində adətən qaraciyər və ya böyrək qədər ön plana çıxmasa da, dana dalağı qida dəyəri baxımından əsl xəzinə hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu içalat növü yüksək protein, bol B12 vitamini və bədən tərəfindən sürətlə mənimsənilən dəmir anbarıdır.
Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, dalaq qaraciyər və ürəyin ləzzətini xatırladan intensiv ətri, həmçinin yüngül şirin dadı ilə digər ət məhsullarından fərqlənir. Tərkibindəki yüksək dəmir miqdarı sayəsində qırmızı qan hüceyrələrinin istehsalını artıraraq qanazlığı ilə mübarizədə əvəzsiz rol oynayır. Eyni zamanda tərkibindəki sink və selenyum immuniteti polad kimi gücləndirir, dərinin yenilənməsinə birbaşa kömək edir. Kalium və fosfor mənbəyi olduğu üçün əzələ funksiyalarını tənzimləyən bu qida xüsusilə idmançılar və inkişafda olan uşaqlar üçün təbii dopinq effekti yaradır.
Dalağın bişirilməsi zamanı sərtləşməməsi üçün müəyyən qaydalara əməl edilməlidir. Dilimlənmiş dalağı müxtəlif ədviyyatlarla yüksək odda tez qızartmaq və ya soğanla birlikdə vam odda öz şirəsində pörtlətmək ən ideal üsullardan sayılır. Düzgün hazırlanan dalaq həm yumşaqlığını qoruyur, həm də bədənin enerji balansını bərpa edir.
Yəni, dana dalağı qanazlığından əziyyət çəkənlər və immunitetini gücləndirmək istəyənlər üçün ən ucuz və effektiv təbii dərman vasitəsidir.
Milli.Az