Ukrayna PUA-sı Qazaxıstana düşdü - VİDEO

29 Aprel 2026 12:56

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarə Qazaxıstanın Aktobe bölgəsi ərazisinə düşüb.

Milli.Az xəbər verir ki, hadisə aprelin 29-da Rusiyanın Orenburq vilayəti ilə sərhədin yaxınlığında baş verib. Orada yerləşən Alimbetovka kəndinin sakinləri qəzaya uğrayan PUA aşkarlayıblar. Onlar deyiblər ki, yerli vaxtla təxminən 08:30-da ağır bir cismin yerə çırpılmasından yaranan bərk gurultu eşidilib.

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal insidentin baş verdiyi əraziyə cəlb olunublar. Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb.

Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 29-na keçən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarə növlü 98 Ukrayna dronu məhv edilib.

Milli.Az