"Qalatasaray" "qan təzələyəcək": Hücum xətti YENİLƏNİR

29 Aprel 2026 09:25

Türkiyənin aparıcı klublarından "Qalatasaray" yay transfer dövrü öncəsi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır. Klub rəhbərliyi yeni mövsümün planlamasına start verib və hücum xəttində yenilənmə əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçu Viktor Osimheni komandada saxlamaq niyyətindədir. Lakin bu plan fonunda argentinalı forvard Mauro İkardi ilə yolların ayrılması gündəmdədir. Klub rəhbərliyi yüksək maaş tələbi səbəbindən təcrübəli futbolçu ilə müqaviləni uzatmağa isti yanaşmır.

"Sarı-qırmızılılar" eyni zamanda hücum xəttini gücləndirmək üçün alternativ variantlar üzərində də işləyir. Bu çərçivədə "Başakşəhər"in formasını geyinən gənc hücumçu Bertuğ Yıldırım diqqət mərkəzinə düşüb. Mövsüm başa çatdıqdan sonra tərəflər arasında rəsmi danışıqların başlanacağı gözlənilir.

Digər tərəfdən, Portuqaliyanın "Portu" klubunda çıxış edən Deniz Gül də "Qalatasaray"ın transfer siyahısında yer alıb. Gənc futbolçunun son vaxtlar daha çox oyun şansı qazanması İstanbul klubunun marağını artırıb.

Rəhbərlik yeni mövsümə Osimhen də daxil olmaqla ümumilikdə üç hücumçu ilə başlamağı planlaşdırır və bu istiqamətdə transfer işlərini sürətləndirməyə hazırlaşır.

Hüseyn
Milli.Az