Müasir meqapolislərin altında səssizcə böyüyən yeni bir təhlükə elm dünyasını ayağa qaldırıb. Gündəlik həyatda hiss edilməyən yeraltı istiləşmənin, zamanla torpağın strukturunu dəyişərək binaların dayanıqlılığına ciddi ziyan vura biləcəyi ortaya çıxıb.
Milli.Az xəbərinə görə, alimlər xəbərdarlıq edir ki, yeraltı temperaturların artması binaların təməllərində çatlara, əyilmələrə və infrastruktur sistemlərində deformasiyalara yol aça bilər.
Yeraltı istiləşmənin səbəbləri nədir?
Şəhərlərin altında toplanan bu istilik təbii proses deyil, tamamilə insan fəaliyyətinin nəticəsidir.
Qatarların hərəkəti və tunellərdəki havalandırma sistemləri ətrafa davamlı istilik yayır.
Elektrik kabelləri, isti su boruları və kanalizasiya sistemləri torpağı qızdırır.
Böyük binaların zirzəmiləri və yeraltı dayanacaqları istiliyin torpağa keçməsinə səbəb olur.
İstilik binaları necə zədələyir?
Northwestern Universitetinin Çikaqo şəhəri üzərində apardığı araşdırmalar göstərir ki, istilik torpağın fiziki xüsusiyyətlərini dəyişir.
İstilik artdıqca torpaq qatları milimetr səviyyəsində də olsa hərəkət edir. Bu kiçik hərəkətlər uzun müddətdə binaların təməl balansını pozur.
Zəmin tarazlığının pozulması xüsusilə köhnə və həssas binaların fundamentində görünməz aşınmalara və dayanıqlığın itməsinə gətirib çıxarır.
Şəhərsalmada yeni risk faktoru
İndiyə qədər şəhərsalma və tikinti planlarında yeraltı temperatur amili demək olar ki, nəzərə alınmırdı. Lakin mütəxəssislər artıq aşağıdakı addımların atılmasını vacib sayırlar:
Yeraltı istiliyin mütəmadi olaraq ölçülməsi.
Yeni tikilən binaların və yeraltı sistemlərin torpağa istilik verməməsi üçün xüsusi izolyasiya materialları ilə təmin edilməsi.
Yeraltında toplanan bu artıq istiliyin binaların isidilməsində alternativ enerji mənbəyi kimi istifadə olunaraq geri qazanılması.
Lalə Qüdrətova
Milli.Az