Bəzi malların sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilməsinə icazə verilməyəcək.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) və müvafiq icazə sənədləri olmayan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilməsinə icazə verilməyəcək.
Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilən mallar əvvəlcədən gömrük orqanlarına bəyan olunacaq və onların daşınmasını həyata keçirən şəxslər tərəfindən gömrük orqanlarına təqdim ediləcək. Sürətli (ekspres) daşınma yolu ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.
Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün keçirilən mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanlarına bəyan ediləcək. Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına müvafiq icazə əsasında yol verilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) gömrük orqanlarına müvafiq icazə sənədini təqdim edəcəklər.
Milli.Az