Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov Hövsanda yerləşən 273 saylı körpələr evi-uşaq bağçasında baş verdiyi iddia olunan hadisə ilə bağlı məsələyə münasibət bildirib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, məsələ barədə ona da məlumat verilib və Bakı Şəhər Təhsil İdarəsi tərəfindən dərhal araşdırmaya başlanıldığı açıqlanıb:
"Hazırda Bakı Şəhər Təhsil İdarəsində həmkarlarımız bu məsələ ilə məşğuldurlar. Bu qurum bizim yerli bölməmizdir və araşdırmanın nəticələri barədə yekun məruzə təqdim edildikdən sonra müvafiq qərarlar qəbul olunacaq".
E. Bağırov vurğulayıb ki, fakt təsdiqini taparsa, məsul şəxs barəsində ciddi tədbirlər görüləcək:
"Əgər hadisə təsdiqlənərsə, məsul tərəf mütləq şəkildə cəzalandırılacaq. Hadisədə cinayət tərkibi olarsa, bu halda hüquq-mühafizə orqanlarına da müraciət ediləcək".
Əlavə edib ki, qurum tərəfindən də paralel şəkildə araşdırma aparılacaq və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, tərbiyəçi müəllim İlahə Qarayeva bıçağı qızdıraraq uşağın əlinə xəsarət yetirib. Bu hadisədən sonra isə məzuniyyət götürərək işə gəlməyib.
Mina Mikayılova
Milli.Az