“Məni izləyirlər” demişdi: Gənc qadın oteldə ölü tapıldı - FOTO

28 Aprel 2026 13:30

Almaniyadan İstanbula tətilə gələn 24 yaşlı Başak Şlosser otel otağında ölü tapılıb.

Milli.Az xəbər verir ki, hadisə aprelin 23-də Fatihin Muhsine Xatun məhəlləsində yerləşən otellərdən birində baş verib. Məlumata görə, otel əməkdaşları gənc qadınla əlaqə saxlaya bilmədikdən sonra polis və təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn tibb işçiləri Şlosseri otaqda huşsuz vəziyyətdə tapıb və onun həyatını itirdiyini müəyyən ediblər.

Cəsəd ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib. İlkin ekspertiza nəticələrinə əsasən, bədəndə zorakılıq və ya döyülmə izləri aşkarlanmayıb.

Araşdırmalar çərçivəsində saxlanılan beş nəfər şübhəli dindirildikdən sonra sərbəst buraxılıb. Bununla yanaşı, otelin təhlükəsizlik kameralarına aid təxminən 9 saatlıq görüntülərin yoxa çıxması istintaqı daha da dərinləşdirib.

İstintaq zamanı ortaya çıxan digər məqam isə şübhələri artırıb. Belə ki, Başak Şlosserin hadisədən əvvəl "məni izləyirlər" deyərək bir mağazaya girib və oradan kömək istəyib. Həmin anlar mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az