Bu təamın ən böyük sirri onun qabaran quruluşundadır. Hazırlanması diqqət tələb etsə də, nəticə buna dəyər.
Milli.Az lazım olan inqrediyentləri təqdim edir:
70 qram kərə yağı, 3 xörək qaşığı un, 4 stəkan süd.
1 çay qaşığı duz, 1 çay qaşığı istiot, bir az muskat qozu rəndəsi.
7 ədəd yumurta (ağı və sarısı ayrılmış şəkildə).
1 stəkan göyərtili pendir, 1 stəkan ağ pendir, 1 stəkan rəndələnmiş kaşar (və ya qatqısız bərk pendir).
Qəliblər üçün: 2 xörək qaşığı kərə yağı və 2 xörək qaşığı suxarı.
Üzəri üçün: İncə doğranmış təzə soğan.
Hazırlanma qaydası
Beşamel sousun hazırlanması:
Kərə yağını qazanda əridib unu əlavə edin. Unun qoxusu çıxana qədər yüngülcə qovurun. Daha sonra südü yavaş-yavaş əlavə edərək daim qarışdırın. Qarışıq qatılaşmağa başlayanda duz, istiot və muskat qozunu əlavə edib ocağın altını azaldın.
Hazırladığınız isti qarışığa yumurta sarılarını tək-tək əlavə edərək sürətlə qarışdırın. Ardınca göyərtili pendiri, ağ pendiri və kaşar pendirini əlavə edib qarışdırın və qazanı ocaqdan götürün.
Ayrı bir qabda yumurta ağlarını bir çimdik duzla bərk köpük halına gələnə qədər çırpın. Bu köpüyü pendirli qarışığa əlavə edərkən çox diqqətli olmalısınız. Spatula vasitəsilə aşağıdan yuxarıya doğru nazik hərəkətlərlə qarışdırın ki, yumurta ağlarının havası sönməsin. Suflenin qabarmasını təmin edən məhz bu havadır.
Sufle qəliblərini kərə yağı ilə yağlayıb içərisinə suxarı səpin. Hazırladığınız qarışığı qəliblərə paylayın. Öncədən 190 dərəcə qızdırılmış sobada təxminən 12 dəqiqə bişirin. Sufleniz qabardıqdan sonra gözləmədən, isti-isti servis edin.
Sufle bişərkən sobanın qapağını qətiyyən açmaq olmaz, yoxsa qabaran sufle dərhal sönər.
Yumurta ağlarını əsas qarışığa əlavə edərkən mikserdən deyil, mütləq spatula və ya taxta qaşıqdan istifadə edin.
Lalə Qüdrətova
Milli.Az