İrəvanda erməni əsilli iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının üzvü, "Kandaz" ləqəbli tanınmış kəşfiyyatçı Artur Avanesyan saxlanılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi parlament seçkilərində səslərin pulla alınması faktı üzrə əməliyyat keçirib.
Bildirilib ki, əməliyyat nəticəsində Avanesyan da daxil olmaqla 4 nəfər nəzarətə götürülüb.
İstintaqın məlumatına görə, partiya tərəfdarları 2026-cı il iyunun 7-nə təyin edilmiş Ermənistan Milli Məclisinə seçkilərdə onların lehinə səs vermələri müqabilində bir qrup seçiciyə işə düzəltmə və digər vədlərlə rüşvət təklif ediblər. Sözügedən şəxslər barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Qeyd olunur ki, saxlanılan A. Avanesyan son vaxtlar S. Karapetyanın komandasına qoşulmuşdu. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvət vədinin seçicilər tərəfindən qəbul edildiyini və cinayət təqibinin davam etdiyini bildirib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri bu il iyunun 7-də keçiriləcək.
Milli.Az