Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti keçirilib – FOTO

27 Aprel 2026 16:29

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində möhtəşəm konsert proqramı təqdim olundu. Gecədə Azərbaycan musiqisinin zənginliyi, milli ruhu və əsrlərlə formalaşmış mədəni irsimizin gözəlliyi parlaq şəkildə nümayiş etdirildi.

Konsertdə baş dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış etdi.

Аnsamblın tərkibində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, rəqs qrupu və xor kollektivi bir-birini tamamlayan çıxışlarla proqramı rəngarəng və dinamik etdi. Konsert proqramında solistlər - Xalq artistiləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadənin (tar) və Nurlana Abdullayeva, Anar Yusub (kamança), Vəfa Vəzirova, Aşıq Samirə Əliyeva, Şaiq Əsədov (balaban) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi. Proqram Üzeyir Hacıbəylinin "Cəngi" əsəri ilə açıldı. Daha sonra Fikrət Əmirov, Cahangir Cahangirov,  Hacı Xanməmmədov, Arif Məlikov, Ramiz Mirişli, Oqtay Kazımi, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Astor Piazzolla və digər bəstəkarların əsərləri təqdim olundu.

Gecədə həmçinin xalq musiqisinin inciləri - "Sarı gəlin", "Uzundərə", "Aşıqvari" kimi nümunələr də səsləndirildi. Proqramın kulminasiya nöqtələrindən biri Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-Hicran" xor səhnəsi oldu.

Konsert Emin Sabitoğlunun "Azərbaycan" əsəri ilə yekunlaşdı. Əsər bütün solistlərin iştirakı ilə ifa olunaraq gecəyə xüsusi təntənə qatdı.

Qeyd edək ki, bu konsert əlamətdar yubiley ili çərçivəsində baş tutmuşdur. Belə ki, həm Azərbaycan Dövlət Akademik Filarmoniyasının, həm də Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 90 illiyi qeyd olunur.

Möhtəşəm musiqi axşamı dinləyicilər tərəfindən gur alqışlarla qarşılandı və uzun müddət yadda qalan sənət bayramına çevrildi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az