Milli Məclis WUF13-lə bağlı sənədi təsdiqlədi

27 Aprel 2026 12:11

Milli Məclis WUF13-lə əlaqədar təşkilati və maliyyə məsələləri barədə Sazişi ratifikasiya edib.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş" 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.

Sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.

Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sazişdə tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

Sazişin yekun müddəalarında onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduralar, qüvvəyə minmə və s. məsələlər tənzimlənir.

Sazişin Əlavələri onun ayrılmaz tərkib hissəsidir və bu Əlavələrdə məkan, habelə yanğın, qida, böhran halları, rabitə və s. məsələlər tənzimlənir.

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilatı və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Milli.Az