Yasamalda qalmaqal: Sakinlərin razılığı olmadan evlər sökülür?

27 Aprel 2026 19:39

Bakının Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 34 ünvanında yerləşən bəzi evlərin sakinlərin razılığı olmadan söküldüyü iddia olunur. Bu səbəbdən bir qrup sakin tikinti şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, "Lux Residence" MMC 2019-cu ildən etibarən yaşadıqları ərazidə qanunsuz söküntü işləri aparır və onlara məxsus çıxarışlı torpaq sahələri ilə evlər əllərindən alınır. Evini tərk etmək istəməyən vətəndaşların isə məhkəməyə verildiyi qeyd olunur.

Məsələ ilə bağlı "Lux Residence" MMC-dən bildirlib ki, söhbət gedən ərazidəki yaşayış binaları uzun illərdir istismar müddətini başa vurub və hazırda qəzalı vəziyyətdədir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq rəy hazırlanıb. Qeyd olunur ki, şirkət heç bir əmlaka ziyan vurmayıb və söküntü işləri yalnız razılıq əldə olunmuş sakinlərin öz yaşayış sahələrində aparılıb. Sökülən ərazilər isə tikinti məqsədilə şirkətə təhvil verilib. Mübahisənin həlli üçün tərəflərin qanunvericiliyə uyğun şəkildə məhkəməyə müraciət etdiyi də vurğulanıb. 

Asya
Milli.Az