Məlum olduğu kimi, mart ayının sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunmuşdur.
Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 aprel tarixindən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kbm, 17 aprel tarixindən isə 700 kbm suyun buraxılması qərara alınmışdır.
Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri artmış, həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmamış və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş vermiş, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınmışdır
Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunmuş, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 aprel 2026-cı il tarixində keçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınmışdır.
24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunmuş və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilmişdir. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.
Əhali tərəfindən ölkə rəhbərliyinə, eləcə də yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılmasında göstərilən köməkliyə və operativliyə görə aidiyyəti qurumlara minnətdarlıq bildirilir.
Milli.Az