Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

26 Aprel 2026 02:02

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir.

Milli.Az xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yeni araşdırma, populyar süni intellekt modellərinin tibbi mövzularda nə dərəcədə etibarlı olduğunu üzə çıxarıb. 

Məlumata görə, bu gün sürətlə yayılan və geniş istifadə olunan süni intellekt əsaslı çatbotlar xüsusilə səhiyyə sahəsində ciddi risklər yarada bilər.

Araşdırma çərçivəsində xərçəngdən vaksinasiyaya, qidalanmadan idmana qədər 50 müxtəlif tibbi sual beş fərqli modelə yönəldilib.

Ekspertlərin qiymətləndirməsi göstərib ki, heç bir model tam düzgün və etibarlı istinad siyahısı təqdim edə bilməyib. Süni intellekt tərəfindən göstərilən mənbələr arasında yanlış müəllif adları, işləməyən linklər və hətta mövcud olmayan elmi məqalələrə rast gəlinib.

Tədqiqat müəllifləri vurğulayır ki, bu cavablar real bilikdən deyil, dil modellərinin statistik söz seçimi mexanizmindən qaynaqlanır.

Platformalar üzrə müqayisədə 58% ilə ən yüksək səhv payı "Grok" modelində qeydə alınıb. Onu 52 faizlə "ChatGPT", 50 faizlə isə "Meta AI" izləyib. Xüsusilə qidalanma ilə bağlı suallarda səhv göstəricilərinin daha yüksək olduğu qeyd edilir.

Araşdırma həmçinin göstərib ki, süni intellekt qapalı tipli ("doğru/yanlış") suallarda nisbətən daha düzgün nəticə versə də, açıq suallarda cavabların 32 faizi "yüksək dərəcədə problemli" hesab olunub.

Bildirilir ki, bu texnologiyalar müstəqil tibbi mənbə kimi istifadə edilməməlidir. "Nature Medicine" jurnalında yayımlanan digər araşdırma da bunu təsdiqləyir. Süni intellekt təkbaşına yüksək dəqiqlik göstərə bilsə də, istifadəçi ilə qarşılıqlı əlaqə zamanı düzgün cavab ehtimalı kəskin şəkildə azalır.

Alimlər süni intellektin yalnız məlumatları sadələşdirmək və ya həkimə veriləcək sualları formalaşdırmaq üçün köməkçi vasitə kimi istifadə olunmasını tövsiyə edir. Onların fikrincə, bu sistemləri tibbi qərarvermədə əsas mənbə kimi qəbul etmək ciddi risklər yarada bilər.

Mina Mikayılova
Milli.Az