Cənubi Qafqazda formalaşan sülh və uzlaşma mühiti, bölgənin əməkdaşlıq və sabitlik məkanına çevrilməsini istəyənlərin, tarixdən düşmənçilik yaratmağa çalışan dairələrə verdiyi güclü cavabdır.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələrinə dair verilən bəyanatlar haqqında şərhində qeyd olunub.
Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı müzakirələrdə tərəflərin mövqeyi aydındır: məsələ siyasi istismar predmetinə çevrilməməlidir.
"Bununla belə, bəzi üçüncü ölkələrin siyasətçilərinin bu mövzudan dar siyasi məqsədlər üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərini ört-basdır etməyə cəhd göstərdikləri də müşahidə olunur.
Ölkəmiz əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclü nümunələrini özündə ehtiva etmiş, 1915-ci il hadisələrinin ədalətli və elmi əsaslarla araşdırılması məqsədilə arxivlərini açmış və Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Bu təklifimiz qüvvədə qalır.
Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli tarixi yaddaşa nail olunmasına yönəlmiş səyləri və son dövrdə formalaşan konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik", - Türkiyə XİN-in məlumatında vurğulanıb.
Milli.Az