Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

24 Aprel 2026 12:53

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) aprelin 23-də Ermənistanda Türkiyə bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Milli.Az xəbər verir ki, XİN bəyanatda 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində "məşəl yürüşü" zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyib.

Bildirilib ki, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

Vurğulanıb ki, bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

Əlavə edilib ki, Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

"Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq", - deyə bəyanatda qeyd edilib.

Milli.Az