Atəşkəs pozulacağı halda ABŞ-ın İranın Hörmüz boğazı ətrafında yerləşdirdiyi müdafiə obyektlərinə zərbə endirmə ehtimalını nəzərdən keçirdiyi bildirilir.
Milli.Az xəbər verir ki, bu barədə CNN telekanalının yaydığı məlumata görə, mümkün hədəflər sırasında xüsusilə Hörmüz boğazı, Fars körfəzinin cənub hissəsi və Oman körfəzi bölgəsində yerləşən İran hərbi obyektləri ön plana çıxır. Söhbət əsasən Tehranın strateji su yollarını nəzarətdə saxlamaq üçün istifadə etdiyi sürətli hücum qayıqları, mina yerləşdirən gəmilər və digər qeyri-ənənəvi hərbi vasitələrdən gedir.
Məlumatda qeyd olunur ki, ABŞ ordusu İranı danışıqlara məcbur etmək üçün həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunan infrastruktur obyektlərini, o cümlədən enerji sektorunu da hədəfə alma variantını müzakirə edir. Mövcud və keçmiş ABŞ rəsmiləri belə addımların münaqişəni daha da gərginləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Eyni zamanda, hərbi planlaşdırıcıların İran daxilində danışıqlara mane olduğu iddia edilən bəzi yüksək rütbəli hərbçilərə qarşı mümkün əməliyyat variantlarını da hazırladığı bildirilir. Bu siyahıya SEPAH rəhbərliyinin də daxil ola biləcəyi vurğulanır.
Asya
Milli.Az