Orxan Kərimov yüksək vəzifəyə təyin EDİLDİ

24 Aprel 2026 12:30

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzində (AQDİM) mühüm kadr təyinatı həyata keçirilib.

Milli.Az xəbər verir ki, İdarə Heyətinin müvafiq qərarına əsasən, peşəkarlığı və zəngin media təcrübəsi ilə seçilən Orxan Kərimov Mərkəzin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri - mətbuat katibi vəzifəsinə təyin olunub.

Bu təyinat yalnız bir vəzifə dəyişikliyi deyil, eyni zamanda insan həyatına xidmət edən ali bir missiyanın daha güclü şəkildə cəmiyyətə çatdırılması deməkdir. Çünki hər doğru söz, hər operativ xəbər bir insanın həyatına ümid, bir ailəyə sevinc gətirə bilər.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul bu təyinatla bağlı fikirlərini bölüşərək bildirib ki, Orxan Kərimovun peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması Mərkəzin fəaliyyətinə yeni nəfəs və dinamika qazandıracaq, həyata keçirilən layihələrin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, Orxan Kərimov uzun illər ölkənin aparıcı xəbər saytlarında redaktor kimi fəaliyyət göstərmiş, obyektivliyi, prinsipial mövqeyi və yüksək peşəkarlığı ilə seçilərək bir sıra dövlət və özəl qurumlar tərəfindən mükafat və təltiflərə layiq görülmüşdür.

Milli.Az