Mətbəxdə limonun həm israfının qarşısını alan, həm də istifadəsini asanlaşdıran olduqca praktik bir üsul məlum olub.
Milli.Az xəbər verir ki, limonu kəsmədən suyunu sıxmaq həm onun təravətini qoruyur, həm də tumlarının yeməyə tökülməsinə mane olur.
Limonun ömrünü uzadan və işinizi asanlaşdıran həmin texnikanı təqdim edirik:
Limonu adətən tən ortadan kəsib sıxırıq, lakin bu zaman onun istifadə etmədiyimiz yarısı soyuducuda tez quruyur və tumları xörəyə qarışır. Aşağıdakı addımlarla bu problemlərdən qaçmaq olar:
Limonu sıxmazdan əvvəl masanın üzərinə qoyub ovucunuzla bərk basaraq irəli-geri yuvarlayın. Təxminən bir dəqiqə davam edən bu proses limonun daxili liflərini parçalayır və suyunu daha axıcı hala gətirir. Beləliklə, limondan maksimum dərəcədə su əldə edə bilərsiniz.
Limonu kəsmək əvəzinə, uc hissəsindən diş çöpü ilə kiçik bir dəlik açın. Diş çöpünü çıxardıqdan sonra limonu sıxdığınızda suyun həmin dəlikdən idarə olunan şəkildə axdığını görəcəksiniz.
Açılan dəlik çox kiçik olduğu üçün limonun tumları içəridə qalır, xörəyə və ya salata ancaq təmiz su tökülür.
Limon bu halda sanki təbii bir şüşə qab funksiyasını yerinə yetirir.
Bu üsulun ən böyük üstünlüyü qənaətdir. Limonun bütövlüyü pozulmadığı üçün o, soyuducuda günlərlə, hətta həftələrlə qurumadan qala bilir.
Lazım olan qədər sıxdıqdan sonra dəliyin üzərinə kiçik bir yapışqan lent (skotç) vura və ya sadəcə eləcə soyuducuya qoya bilərsiniz. Limonun daxili hissəsi hava ilə birbaşa təmas etmədiyi üçün suyun dadı və ətri dəyişmir.
Lalə Qüdrətova
Milli.Az