“Gənclərin qorunması üçün kompleks addımlar atılmalıdır”

23 Aprel 2026 17:26

"Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi uzun müddətdir ki, geniş müzakirə olunur və artıq müəyyən addımlar atılır. Bu gün dünyada da ən çox müzakirə edilən mövzulardan biridir və qlobal səviyyədə ciddi narahatlıq doğurur".

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Milli.Az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb və dövlət səviyyəsində müvafiq qərarlar qəbul olunub:

"Bir müddət əvvəl cənab Prezident tərəfindən sərəncam imzalanıb və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində müvafiq addımların atılması nəzərdə tutulur".

Onun sözlərinə görə, məsələ yalnız bir istiqamətdə həll edilə bilməz və kompleks yanaşma tələb edir:

"Hesab edirəm ki, burada bir neçə istiqamətdə paralel iş aparılmalıdır. Qanunvericilik sahəsində müəyyən dəyişikliklər edilməli, yeni addımlar atılmalıdır. Amma yalnız qanunvericiliklə bu problemi tam həll etmək mümkün deyil".

C.Məmmədov valideynlərin bu məsələdə daha məsuliyyətli olmasının vacibliyini qeyd edib:

"Valideynlər bu məsələdə fəal olmalı, üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Övladlarına daha diqqətli yanaşmalı, onların davranışlarını izləməlidirlər. Bu sahədə valideynlərin rolu olduqca böyükdür".

Deputat əlavə edib ki, maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi də vacibdir:

"Davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirilməli və cəmiyyət bu prosesə cəlb olunmalıdır. Hər kəs bu məsələdə öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam edir və gənclərin qorunması üçün zəruri tədbirlər mərhələli şəkildə həyata keçirilir".

Mina Mikayılova
Milli.Az