Enerji bazarında rekord böhran: milyonlarla barrel itki

23 Aprel 2026 14:12

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ABŞ-ın İrana qarşı hərbi əməliyyatı nəticəsində yaranan enerji böhranını tarixdə ən böyük enerji böhranı adlandırıb.

Milli.Az xəbər verir ki, o bu açıqlamanı Sinqapurda CNBC-nin təşkil etdiyi tədbirdə verib.

Birolun sözlərinə görə, müasir tarixdə 1973 və 1979-cu illərdə neft böhranları, 2022-ci ildə isə qaz böhranı baş verib. Hazırkı vəziyyətdə isə dünya bazarında neft üzrə gündəlik itkilər 13 milyon barrelə çatıb.

Onun sözlərinə görə, əvvəlki neft böhranlarında bu göstərici orta hesabla 5 milyon barrel olub, 2022-ci ildə 75 milyard kubmetr qaz çatışmazlığı yaşanıb, 2026-cı il üçün isə bu rəqəmin 100 milyard kubmetrə yüksələcəyi proqnozlaşdırılır.

Birol əlavə edib ki, böhran təkcə neft və qazla məhdudlaşmır. Gübrələr, neft məhsulları, helium və kükürd kimi strateji resursların tədarükündə də ciddi fasilələr yaranıb. Onun fikrincə, bu vəziyyət qlobal təchizat zəncirlərinə yaxın aylarda daha ciddi təsir göstərə bilər.

Ayxan
Milli.Az