Britaniya Hörmüz boğazında minatəmizləməyə hazırlaşır

23 Aprel 2026 10:50

Böyük Britaniya hərbi dalğıcları mümkün qərar halında Hörmüz boğazında minatəmizləmə əməliyyatlarına hazırlaşır.

Milli.Az xəbər verir ki, bu barədə Politico nəşri ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kral Hərbi Dəniz Qüvvələrinin mina zərərsizləşdirmə üzrə ixtisaslaşmış mütəxəssisləri Hörmüz boğazında əməliyyatlara cəlb olunmaq üçün hazırlıq keçir.

Məlumata görə, Böyük Britaniya həmçinin boğazın mühafizəsi üzrə təklif olunan çoxtərəfli missiya çərçivəsində mina axtarışı üçün avtonom sistemlər təqdim edəcəyini təsdiqləyib. Qeyd olunur ki, London bu addımla ABŞ Prezidenti Donald Trampa strateji əhəmiyyət daşıyan Fars körfəzi keçidinin qorunmasına ciddi töhfə verməyə hazır olduğunu göstərmək niyyətindədir.

Xatırladaq ki, ötən ay Böyük Britaniya Fars körfəzinə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və ya mina axtaran avtonom sistemlərlə təchiz olunmuş kommersiya gəmisinin göndərilməsini nəzərdən keçirdiyini açıqlamışdı.

Ayxan

Milli.Az