Sayğaclarınız artıq bu üsulla yoxlanacaq

23 Aprel 2026 10:11

"Naxçıvan Muxtar Respublikasının qaz təchizatında sayğacların quraşdırılması və dəyişdirilməsi, dövri yoxlamalar, göstəricilərin oxunması, qazın dayandırılması və bərpa edilməsi artıq sahədə mobil tətbiqlər vasitəsilə yerində həyata keçirilir".

Milli.Az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin bu gün Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində keçirilən brifinqdə "Naxçıvan" RQİİ-nin Müştəri xidmətləri şöbəsinin rəisi Qənbər Qənbərov deyib.

O bildirib ki, bu, kağız istifadəsini azaldır və məlumatların operativ ötürülməsini təmin edir: "Qaz qurğuları və sistemlərinin istismar vəziyyətinin yoxlanılması məqsədi ilə həyata keçirilən müayinə xidməti də tam elektronlaşdırılıb. Müayinə aktları mobil cihazlarda hazırlanır və "SİMA İmza" ilə rəqəmsal imzalanır. Yeni yanaşma nəticəsində qəza çağrılarına olan reaksiya müddəti nəzərə çarpacaq dərəcədə azalıb. Daxil olan çağrılar dərhal əməkdaşların mobil tətbiqlərinə ötürülür və bu, operativ müdaxiləni təmin edir.

Şəbəkə idarəçiliyində qaz şəbəkəsinin vəziyyətinə nəzarət, nasazlıqların aşkarlanması və aradan qaldırılması elektron sistemlə həyata keçirilir. Aşkarlanan problemlər avtomatik olaraq təmir prosesinə yönləndirilir. Podratçıların işlərinə uzaqdan nəzarət imkanı yaradılıb ki, bu da nöqsanların vaxtında aşkarlanmasına, operativ müdaxiləyə və keyfiyyətin artmasına kömək edir, eyni zamanda vaxt və resurslara qənaət edir. Digər mühüm istiqamətlərdən biri isə abonent məlumatlarının toplandığı informasiya sistemində məlumatların dürüstləşdirilməsidir. Yeni yanaşma çərçivəsində sahə əməkdaşları mobil tətbiq vasitəsilə ünvan məlumatlarını ÜRİS ilə inteqrasiya əsasında əldə edərək sistemə daxil edirlər. Bu modul yeni standartlara uyğun ünvan məlumatlarının birbaşa mənbədən götürülərək informasiya sistemində toplanmasını təmin edir. Eyni zamanda abonentlərin əlaqə və identifikasiya məlumatlarının (o cümlədən FİN kodunun) yenilənməsi həyata keçirilir"./Musavat.com

Milli.Az