Gennady Rovner-in əsərlərindən ibarət möhtəşəm konsert proqramı baş tutdu - FOTO

22 Aprel 2026 15:40

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə bəstəkar Gennady Rovner-in əsərlərindən ibarət möhtəşəm konsert proqramı baş tutdu.

Konsertin əvvəlində səhnəyə Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova dəvət olunaraq bəstəkarın yaradıcılığı və təqdim ediləcək əsərlər haqqında ətraflı məlumat verdi.

Proqramın birinci hissəsində bəstəkarın "Metamorfozlar" əsəri (doqquz hissədə) səsləndirildi. İfa zamanı dinləyicilər əsərin dərin fəlsəfi məzmunu və zəngin musiqi dili ilə yaxından tanış oldular. Əsərdə solistlər - Nəzrin Aslanlı (violin), Nigar Cəfərova (soprano), həmçinin solo partiyalarda Zaman Həsənov (alt saksofon) və Boris Paşkin (akkordeon) uğurlu çıxışları ilə seçildilər.

Konsertin ikinci hissəsində bəstəkarın piano, simli kvartet və orkestr üçün "Anabasis" əsərinin dünya premyerası təqdim olundu. Dörd hissədən ibarət bu əsər musiqisevərlər tərəfindən böyük maraq və alqışla qarşılandı. Solist qismində pianoçu Murad Adıgözəl-zadə çıxış etdi. Simli kvartetin tərkibində Şəhla İbrahimova və Nigar Vəliyeva (violin), Bəxtiyar Axundov (viola) və Əyyub Əliyev (violonçel) yer aldılar.

Gecə yüksək peşəkarlıqla təqdim olunan ifalar, müasir musiqi üslubunun parlaq nümunələri və dünya premyerası ilə yadda qaldı. Konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı və uzun sürən alqışlarla yekunlaşdı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az