"Tarixi irsimizin erməni vandallığının qurbanı olması dəhşətlidir. Dini abidələrin, xüsusilə də məbədlərin dağıntılara məruz qalması təcavüz aktıdır. Lakin hazırda dünyada güc sahibi olan və beynəlxalq hüququ əlində alət kimi saxlayan bəzi güclər xristian təəssübkeşliyindən tamamilə uzaqlaşa bilmədiklərinə görə bu dağıntılara və vandalizmə ədalətli qiymət verilməyib".
Bu sözləri Milli.Az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.
Onun sözlərinə görə, ermənilər kilsə, məscid, məbəd fərqi qoymadan bir çox dini abidələri dağıdaraq vandalizm nümunələri göstəriblər. Bu isə, onun fikrincə, əslində təkcə maddi mədəni irsə deyil, həm də xristianlığın özünə hörmətsizlik kimi qiymətləndirilə bilər. O, həmçinin qədim alban abidələrinin təhrif olunduğunu qeyd edib:
"Bu faktlar əslində beynəlxalq cinayət xarakteri daşıyır. Alban Kilsəsi qanunidir və Çar Rusiyası dövründə qanunsuz şəkildə Erməni Kilsəsinin tərkibinə verilib. Bu qərar ləğv edilməlidir. Hazırda sözügedən kilsənin varisləri Azərbaycandır".
T.İrfan həmçinin qeyd edib ki, ermənilərin Azərbaycan xalqına məxsus qəbirləri dağıtması Qərbdəki bəzi siyasi-dini yanaşmaların təsiri və susqunluğu fonunda baş verib:
"Əgər ermənilər xristian Qərbin dəstəyinə arxayın olmasaydılar, əsla məscidləri və müsəlman qəbirlərini dağıtmağa cəsarət etməzdilər".
O, 30 ildən artıq müddətdə bəzi Qərb ölkələrinin dini təəssübkeşlik nümayiş etdirərək erməni vandalizmi qarşısında susduğunu və hətta Ermənistanı dəstəklədiyini iddia edib:
"Bu, həm beynəlxalq hüququn tapdanması, həm də dini, mənəvi və mədəni dəyərlərə hörmətsizlik idi".
Müsahibimiz əlavə edib ki, bəzi Qərb ölkələri bu məsələlərə hələ də dolayı şəkildə yanaşır və bu, təəssüf doğurur. Hesab edir ki, sülh istəyən tərəf vurduğu ziyanı kompensasiya etməli və gələcəkdə belə halların təkrarlanmayacağına dair beynəlxalq öhdəlik götürməlidir:
"Əgər ermənilər sülh istəyirsə, törətdiklərinin, vurduqları ziyanın əvəzini ödəməli, bir daha belə cinayətlərə imza atmayacaqları barədə beynəlxalq iltizam verməlidirlər. Əgər bu baş verməsə, əlinə fürsət düşən erməni istənilən anda eyni cinayətə davam edəcək. Torpaq oğurluq, əlifba oğurluq, bayraq oğurluq, hətta din də oğurluq. Bu cür toplumla yalnız güc və qanunun sərt üzü ilə davranmaq, sabit saxlamaq olar. Allahın evini dağıdan bir toplum insana məxsus olanı daha asan məhv edə bilər".
Mina Mikayılova
Milli.Az