Mariya Rito Meksikadan: Bakıda keçirilən Beynəlxalq Xalça Forumu mədəniyyətlərarası dialoq üçün unikal platformadır

22 Aprel 2026 11:05

1-3 may tarixlərində Bakı şəhərində "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi, həmçinin İqtisadiyyat Nazirliyi və AZPROMOnun iştirakı ilə II Beynəlxalq Xalça Forumu 2026 keçiriləcək. Tədbir xalçaçılıq üzrə yaradıcı sənaye sahəsini təmsil edən aparıcı beynəlxalq ekspertləri, dizaynerləri, tədqiqatçıları, ixracatçıları və digər nümayəndələri bir araya gətirəcək.

Tədbir ərəfəsində müsahibə verən meksikalı tədqiqatçı, professor, doktor Maria del Carmen Avendano Rito forumdan gözləntilərini bölüşüb.

Mariya del Carmen Avendano Rito hazırda Meksikanın Valle-de-Etla Texnoloji İnstitutunda "Doktorlu yerli qadınlar üçün postdoktoral proqram" çərçivəsində postdoktorant vəzifəsində çalışır. O, Meksika Milli Politexnik İnstitutunda mədəni irsin qorunması üzrə elmlər doktorudur və Meksikanın Milli Tədqiqatçılar Sisteminə (SNI) daxildir. Onun elmi fəaliyyəti yerli bilik sistemləri ilə müasir tekstil irsini birləşdirir. Tədqiqatları əsasən Oaxaka bölgəsinin sənətkar icmalarını, xüsusilə Teotitlan-del-Valle toxucularını və İstmo-de-Teuantepek bölgəsinin tikmə ənənələrini əhatə edir. O, mədəni dayanıqlılıq, icma əsaslı turizm və qadınların sənət vasitəsilə gücləndirilməsi mövzularını araşdırır.

Onun akademik fəaliyyəti elmi nəşrləri, dissertasiya rəhbərliyini və bakalavr, magistr səviyyəsində tədrisi əhatə edir. Bu fəaliyyətin əsas istiqaməti qlobal kontekstdə canlı mədəni irsin qorunmasıdır.

- Bakıdakı Beynəlxalq Xalça Festivalının təşkilini necə təsəvvür edirsiniz? Bu tədbirdən gözləntiləriniz nədir?

- Mən digər ölkələrin irsi ilə onların sənətkarlığı vasitəsilə tanış olmaq imkanı qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm. Bu festival xalçanın sərhədləri aşan universal dilə çevrildiyi unikal mədəniyyətlərarası dialoq platformasıdır. Ümid edirəm ki, bu tədbir xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək və sənətkarların kollektiv yaddaşın qoruyucuları kimi rolunu daha görünən edəcək.

- Azərbaycan auditoriyası və beynəlxalq qonaqlar üçün çıxışınızın əsas mesajı nə olacaq?

- "Tekstil ənənələri, identiklik və qlobal kontekstdə müasir aktuallıq" mövzusunda məruzəmin əsas ideyası ondan ibarətdir ki, ənənəvi toxuculuq texnikaları keçmişlə bu günü birləşdirən canlı körpüdür. Mən yerli icmaların tekstil vasitəsilə öz mədəni kimliklərini necə qoruduqlarını və eyni zamanda müasir şəraitə necə uyğunlaşdıqlarını izah edəcəyəm. Bu göstərir ki, ənənə və innovasiya bir-birinə zidd deyil, əksinə, mədəni davamlılığın ayrılmaz hissələridir.

- Tekstil və identiklik: müasir dünyada ənənəvi geyimlərin gündəlik istifadəsi mədəni kimliyin qorunmasına necə kömək edir?

- Ənənəvi geyim yerli xalqlar üçün sadəcə geyim deyil, kimliyin canlı xəritəsidir. Torpağı, təbiəti və ata-babalarımızın irsini əks etdirən ornamentlər bizə köklərimizlə dərin bağlılıq hissi verir. Bu geyimləri geyinməklə biz mədəni irsimizlə fəxr etdiyimizi nümayiş etdirir və keçmişini qoruyaraq gələcəyə doğru irəliləyən icmaya mənsub olduğumuzu təsdiqləyirik.

- Ənənəvi toxuculuq modernləşdirilməlidir, yoxsa ilkin formasında qorunmalıdır?

- Mən hesab edirəm ki, ənənəvi toxuculuq öz orijinal formasında - materiallarında, texnikasında və simvolikasında qorunmalıdır. Lakin bu, sənətkarlar üçün daha çox vaxt və əmək tələb edir. Buna görə də sahənin davamlı inkişafı üçün istehsal və satış sahəsində qeyri-invaziv yeniliklərin tətbiqi vacibdir. Bu yeniliklər sənət əsərlərinin miqyasını genişləndirə bilər, eyni zamanda onun mədəni bütövlüyünü qoruyar.

- Azərbaycan xalçaçılığı və onun dünya mədəni irsindəki rolu barədə fikirləriniz?

- Azərbaycan xalçaçılığı məni öz incəliyi ilə heyran etdi. Onun ornamentlərində Oaxakanın Teotitlan-del-Valle bölgəsinin naxışları ilə maraqlı bir paralellik görürəm - sanki bu ənənələr zaman və məkan sərhədlərini aşaraq birləşir. Azərbaycan xalçalarının həndəsi və təbii motivləri mənəvi işığı, gündəlik həyatın sevincini, ailə birliyini və əcdadların yaddaşını əks etdirir. Bu sənət nümunələrini dünyaya təqdim etməklə biz yalnız estetik gözəlliyi nümayiş etdirmirik, eyni zamanda ümumbəşəri mədəni irsin qorunmasına töhfə veririk. Hər bir ilmə yaddaşın, davamlılığın və sivilizasiyalararası dialoqun simvoluna çevrilir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.