Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Esmanur" uşaq bağçasından valideynlər narazıdır.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
Valideynlər bağçada xüsusilə qida təminatı ilə bağlı ciddi problemlərin olduğunu iddia edirlər.
Şikayətçilərin sözlərinə görə, bağçanın təqdim etdiyi görüntülərdə uşaqlara meyvə və keyfiyyətli yeməklər verildiyi göstərilsə də, reallıqda vəziyyət fərqlidir. Onlar bildirirlər ki, menyuda vəd olunan qidalar uşaqlara təqdim edilmir, əvəzində daha keyfiyyətsiz məhsullar verilir. Bu halın artıq bir neçə aydır davam etdiyi qeyd olunur.
Valideynlər həmçinin bağçada şəffaflığın olmadığını, kameralar vasitəsilə övladlarını izləməkdə çətinlik çəkdiklərini, tez-tez texniki problemlərin yarandığını bildirirlər. Onların sözlərinə görə, aylıq 400 manat ödəniş edilməsinə baxmayaraq, nə qida, nə də ümumi xidmət keyfiyyəti gözləntiləri qarşılamır.
Məsələ ilə bağlı bağçanın işdən çıxarılan tərbiyəçisi Pərvanə Ağayeva da valideynlərin iddialarını təsdiqləyib. O bildirib ki, uşaqlara göstərilən qayğı yetərli deyil və qida təminatında ciddi çatışmazlıqlar mövcuddur. Onun sözlərinə görə, menyuda nəzərdə tutulan şirniyyat saatı ləğv edilib, müxtəlif meyvələr əvəzinə isə uşaqlara yalnız bir növ meyvə verilir.
Bağça müdiri İlahə Xudiyeva isə səsləndirilən iddiaları qərəzli adlandırıb. O qeyd edib ki, Pərvanə Ağayeva işində yol verdiyi nöqsanlara görə işdən uzaqlaşdırılıb və hazırda təxribat xarakterli məlumatlar yayır. Müdir həmçinin bildirib ki, bağçada nə qida, nə təmizlik, nə də uşaqlara qarşı zorakılıqla bağlı hər hansı problem mövcud deyil.
Qeyd edək ki, İlaha Xudiyeva bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gəlmişdi. Videoda onun avtomobil idarə etdiyi zaman azyaşlı qızı qanunazidd olaraq ön oturacaqda yanında əyləşdirməsi və təhlükəsizlik kəmərindən istifadə etməməsi tənqid edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən sözügedən görüntülərin araşdırıldığı bildirilib. Qeyd olunub ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
Mina Mikayılova
Milli.Az