Yubari Kral qovunu sadəcə bir meyvə deyil, Yaponiyanın Yubari bölgəsinə məxsus, vulkanik kül qarışıqlı torpaqlarda yetişən sənət əsəridir.
Milli.Az xəbər verir ki, bu qovunlar adi tarlalarda deyil, hər bir detalı kompüterlə idarə olunan xüsusi istixanalarda böyüdülür:
Çöldə temperatur cəmi 1 dərəcə dəyişsə belə, fermerlər dərhal ventilyasiyanı əllə tənzimləyirlər.
Qovunların qabığında günəş ləkəsi yaranmasın və rəngi pozulmasın deyə hər birinə xüsusi kağız "papaqlar" taxılır.
Qovunun keyfiyyətini göstərən ən vacib amil qabığındakı simmetrik ağ (tor) quruluşudur.
Fermerlər bu naxışların qüsursuz olması üçün hər gün ağ əlcəklərlə qovunlara tək-tək masaj edirlər.
Əgər qovun böyüyərkən üzərində kiçik bir cızıq və ya asimmetriya yaranarsa, o "Kral" sinfindən çıxarılır və qiyməti dərhal düşür.
Vulkanik torpaq meyvəyə zəngin minerallar qatarkən, xüsusi suvarma üsulları onun daxili hissəsinin "əriyən kərə yağı" konsistensiyasında olmasını təmin edir. Ətri o qədər güclüdür ki, bir otağa qoyulduqda bir neçə dəqiqəyə bütün evi ekzotik ətirlə bürüyür.
Yaponiyada bu qovunlar ən yüksək hörmət əlaməti kimi hədiyyə edilir. 2026-cı ilin ilk məhsulunun hərracında bir cüt (iki ədəd) Yubari qovunu tam 45.000 dollara alıcı tapıb. Bu qiyməti ödəyən şirkətlər adətən bunu reklam məqsədilə edir və ya ən elit müştərilərinə təqdim edirlər.
Lalə Qüdrətova
Milli.Az