Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində Rus Pravoslav Kilsəsinin Azərbaycandakı rəhbəri Aleksiy Smirnovun iddiası əsasında mülki iş üzrə məhkəmə baxışı davam edir.
Milli.Az xəbər verir ki, işə hakim Mehriban Əfəndi-Zadənin sədrliyi ilə baxılır.
Məhkəməda iddiaçı qismində çıxış edən yepiskop Aleksiy Smirnov və cavabdeh A.Dolininin nümayəndələri iştirak edirlər.
Prosesin predmeti Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, "MƏKAN MMC" tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin mənzilin cavabdehin istifadəsindən çıxarılması ilə bağlıdır. İddiaçı tərəfin mövqeyinə görə, mübahisəli mənzil kilsəyə məxsus olub və bu səbəbdən onun başqa şəxsin istifadəsində qalması qanunsuz hesab edilir. Bu əsasla məhkəmədən mənzilin geri qaytarılması tələb olunur. Cavabdeh tərəf isə iddianı qəbul etmir. A.Dolininin nümayəndəsi məhkəmədə çıxış edərək bildirib ki, mübahisəli mənzil 2017-ci ildə aparılmış söküntü işlərindən sonra tikilmiş yeni binada qanuni əsaslarla əldə edilib və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Müdafiə tərəfi həmçinin qeyd edib ki, iddiaçının irəli sürdüyü arqumentlər hüquqi əsaslardan daha çox subyektiv iddialara söykənir. Proses zamanı tərəflər məhkəməyə yazılı sübutlar təqdim ediblər.
Hakim Mehriban Əfəndi-Zadə sənədlərin araşdırılması mərhələsinin davam etdiriləcəyini bildirib və əlavə sübutların təqdim edilməsi üçün tərəflərə vaxt verib.
Məhkəmə iclası 22 aprel tarixinə təxirə salınıb.
Qeyd edək ki, Aleksiy Smirnovun iştirakı ilə paralel olaraq digər bir məhkəmə çəkişməsi də davam edir. Belə ki, Xətai Rayon Məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskop ilə Azərbaycan vətəndaşı Ramil Aslanov arasında mübahisəyə baxılır. Hər iki iş üzrə qərarın növbəti məhkəmə iclaslarından sonra elan olunacağı gözlənilir.
Vətəndaş A.Dolinin 2017-ci ildə MMC tərəfindən söküntü aparılmış ərazidə tikilən yeni binada mənzil alıb. Lakin yepiskop Aleksiy Smirnov həmin mənzili vətəndaşın əlindən almaq istəyir. Eyni zamanda Xətai rayon məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskopun Azərbaycan vətəndaşı Ramil Aslanovla da məhkəmə çəkişməsi davam edir.
"MƏKAN MMC" bu məsələdə hansı mövqedədir və hansı maraqlardadır, onu hələ də bilən yoxdur./Musavat.com
Milli.Az