Metroya elektrik enerjisi əvvəlki qaydada şəhərin enerji sistemindən daxil olur və problem yarımstansiyalarda deyil, birbaşa tuneldə baş verib.
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, texniki insident aralıq kabeldə yaranan qısaqapanma nəticəsində meydana gəldiyi üçün ehtiyat enerji mənbəyi kimi istifadə olunan dizel generatorların işə düşməsi mümkün olmayıb.
B.Məmmədov vurğulayıb ki, generatorlar yalnız Bakı metropoliteninə elektrik enerjisinin verilməsində ümumi fasilə yarandığı hallarda aktivləşir. Belə vəziyyətlərdə qatarların hərəkəti ilə yanaşı işıqlandırma, ventilyasiya, nasoslar və eskalatorlar da fasiləsiz şəkildə fəaliyyət göstərir.
"Lakin son hadisədə problem məhz metro tunelində yerləşən kabeldə baş verdiyindən, eyni xətt üzərindən ötürülən enerji zədələndiyi üçün alternativ mənbələrin tətbiqi texniki baxımdan mümkün olmayıb".
Qeyd edib ki, hadisənin bütün detalları üzrə araşdırmalar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Mina Mikayılova
Milli.Az